Eldar Sabiroğlu hərbi hissədəki qətliamla bağlı açıqlama verib
01 fevral 2010 14:00 (UTC +04:00)

Eldar Sabiroğlu hərbi hissədəki qətliamla bağlı açıqlama verib

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu Daşkəsəndə yerləşən hərbi hissədə baş verən hadisələrə dair açıqlama yayıb.


Mətbuat xidmətindən Lent.az-a daxil olan açıqlamada deyilir: “Yanvarın 28-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş verən hadisənin nə dərəcədə ağır və üzücü olduğunun fərqindəyik. Hadisə zəminində hərbi qulluqçuların həlak olması hər şeydən öncə ordu üçün böyük itkidir. Ancaq gözləmədiyin şəkildə bəzən elə vəziyyətlər ortaya çıxır ki, qarşısını əvvəlcədən almaq sadəcə mümkün olmur. Nə etməli ki, artıq bu, baş verib. İndi əsas söhbət olayın səbəblərinin müəyyən olunması, müqəssirlərin tapılaraq cəzalandırılmasından gedir. Bütün diqqət bu istiqamətə yönəlib. Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə hərbi hissəyə göndərilən komissiya bu günədək orada çox gərgin iş aparır. İstintaqçılar da öz işlərini görməkdədirlər”.


E.Sabiroğlunun fikrincə, emosiyalara uymadan, təmkinlə hadisənin yekununu gözləmək lazımdır.


“Lakin bununla belə ictimaiyyətin fikrini çaşdırmaq, hadisənin mahiyyətinin açılmasına kömək etmək əvəzinə diqqəti başqa tərəflərə cəlb etmək xətti aydın görünür. Biz buna çox təəssüf edirik. Xüsusilə, bəzi KİV-də qərəzsizliyi şübhə doğuran yanaşmalar və mülahizələr özünə ardıcıl yer tapmaqdadır. Bu kimə lazımdır? Məgər belə bir mövqe sərgiləməklə konkret bir nəticəni əldə etmək mümkündürmü? Əsla yox. Müxtəlif versiyalar və ehtimallar düşünmək olar. Ancaq onlardan hər-hansı birini istintaq yekunlaşmadan həqiqət kimi qələmə vermək qətiyyən yolverilməzdir. Belə bir münasibət istintaq araşdırmasına da ciddi şəkildə maneçilik törətmiş olur. Ona görə də biz hamılıqla birlikdə istintaq prosesinin yekununu gözləməliyik. Bəli, bu məsələdə nə yubanmaq, nə də tələsmək olar. Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, bu işin sonu mütləq olacaq. Kimlər günahkardır, kimlər acınacaqlı cinayət hadisəsini planlaşdırıb və nə üçün bu qanlı olay baş verib hər şey aydınlaşacaq və təqsirkarlar öz cəzasına çatacaqlar” – deyə mətbuat xidmətinin rəisi qeyd edib.



Nazirlik sözçüsünün fikrincə, bir məsələni yaddan çıxarmaq olmaz ki, mövqeyindən asılı olmayaraq Azərbaycan KİV-in yaydığı hər bir məlumatı düşmən diqqətlə izləyir, təhlil edir və buna sevinməklə yanaşı özünə uyğun şəkildə faydalanır: “Ona görə də, düşmənə əlavə fürsət verməmək üçün çox diqqətli olmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar