Hüseynqulu Bağırov yenə dağa çıxdı
12 yanvar 2010 16:45 (UTC +04:00)

Hüseynqulu Bağırov yenə dağa çıxdı

Bu dəfə And dağlarına səfər edən nazir ekspedisiya qrupu ilə birgə geri qayıdır

Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseynqulu Bağırovun rəhbərlik etdiyi ilk Azərbaycan elmi-idman ekspedisiyası And dağlarına (Argentina) ekspedisiyanı başa vurub. Hazırda ekspedisiya qrupu geri dönməyə hazırlaşır.

Lent.az federasiyanın rəsmi saytında istinadən bildirir ki, ekspedisiya qrupu And dağlarının Akonkaqua massivinin unikal geologiyası üzrə elmi-geoloji proqram, həmçinin Argentinanın dağlıq və dağətəyi rayonlarının timsalında Cənubi Amerikanın bioloji müxtəlifliyi üzrə proqramı da həyata keçirib. Ekspedisiya zamanı elmi-populyar filmlər və nəşrlərin hazırlanmasında əsas rol oynayacaq unikal, zəngin video və foto materiallar çəkilmişdir.
Ekspedisiya üzvləri Akonkaqua zirvəsinə (6962 metr) Azərbaycanın milli bayrağını, mərhum eks-prezident Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri, həmçinin üzərində prezident İlham Əliyevin şəkli və “Azərbaycan yeni zirvələrə doğru, İlhamla irəli” sözləri yazılmış vımpellər qaldırıblar.

Bundan başqa, zirvədə azərbaycan və ingilis dillərində yazılan “2010 Azərbaycanda ekologiya ili-Yaşıl dünya naminə” transparantları açılıb. Bütün bunları ekspedisiya rəhbərliyinin tapşırığına əsasən, ekspedisiyanın üzvü, federasiyasının “Ekosport” İdman klubunun rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirbədəl Mirhəsənli həyata keçirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar