Sabiq polis rəisinin məhkəməsi başladı
08 yanvar 2010 13:15 (UTC +04:00)

Sabiq polis rəisinin məhkəməsi başladı

Lent.az-ın məlumatına görə, hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.


İttihama görə, Məmmədəli Əliyev Hacımurad Sadəddinov və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasının növbə üzrə köməkçisi Faiq Mirzəyev ilə cinayət əlaqəsinə girərək, 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə təcridxanadan qaçmış Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli və Arif Paşayevi Yasamal rayonunun 522-ci məhəlləsində ərazisində qarşılayıb. O, həmin şəxsləri Xırdalan qəsəbəsində gizlənmələrinə yardım edib.

İstintaqla müəyyən edilib ki, M.Əliyev 1994-1995-ci illərdə hakimiyyəti ələ keçirmək məqsədilə planlaşdırılmış sui-qəsdlərin qarşısı alındıqdan sonra cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə xarici dövlətlərdən birinin ərazisində gizlənib. O, Ayaz Mütəllibov, Şahin Musayev, Rəhim Qazıyev, Elçin Əmiraslanov və başqa şəxslərlə əvvəlcədən danışaraq, cinayət əlaqəsinə girib. M. 1996-cı ildə adıçəkilən şəxslərlə birlikdə prezidenti öldürüb, hakimiyyəti ələ keçirmək üçün terror aktı planlarının hazırlanmasında iştirak edib. Bu məqsədlə 1996-cı ilin əvvəllərində dəstə üzvləri Moskva şəhərində terror aktlarının planını işləyib, hazırlayıblar. M. Əliyev isə həmin planların həyata keçirilməsi üçün silahlı birləşmələr yaradaraq, Dağıstana gəlib və ətrafına Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) narazı əməkdaşlarını, fiziki cəhətdən hazırlıqlı və döyüş təcrübəsi olan şəxsləri toplayıb. O, daha sonra Elçin Əmiraslanovun rəhbərliyi altında həmin silahlı dəstənin üzvləri Arif Nazir oğlu Kazımov, Səfa Alim oğlu Poladov, Natiq Baxış oğlu Əhmədov, Ramazan Teyyub oğlu Əhmədov və digər şəxslərdən ibarət qrupla Balakən rayonunu ərazisinə keçiblər. Onlar sərhəddən qaçaqmalçılıq yolu ilə küllü miqdarda odlu silahlar, döyüş sursatı və partlayıcı maddələr gətiriblər.

Daha sonra, dekabr ayının əvvəllərində Elçin Əmiraslanov Arif Kazımov, Səfa Poladov, Namiq Eyyubov və digər şəxslər eyni vaxtda prezident sarayına və digər vacib dövlət orqanlarına basqın edərək, prezidenti fiziki cəhətdən məhv etmək və hakimiyyəti ələ keçirmək planı həyata keçirmək üçün Bakıya gəlib. Lakin həmin vaxt planları baş tutmayıb.



Bundan başqa, dəstə üzvləri apardığı müzakirələrdən sonra prezidentin xarici səfərdən qayıdan zaman təyyarəsinin vurulmasını həyata keçirmək istəyiblər. Lakin həmin gün hava şəraitinin pis olması dəstə üzvləri planlarını həyata keçirə bilməyiblər.


Prosesdə ifadə verən M. Əliyev özünü qismən təqsirli bilib. O, MTN-dən qaçırılan şəxslərin Moskvaya aparılmasında özünü qismən təqsirli bilib. Hakimiyyəti ələ keçirməsində və prezidentə sui-qəsddə isə özünü təqsirli bilmədiyini söyləyən M. Əliyev bildirib ki, bütün bu işlərin quramadır: “Müdafiə Nazirliyinin keçmiş idarə rəisi Murad Sadəddinov qayınatamın bağ qonşusudur. Rəhim Qazıyevi də Müdafiə Şurasından tanıyırdım. Binəqədidə rəis müavini idim. Əlimə silah düşəndə gətirib şuraya verirdim. M. Sadəddinovun atasının yasında o, mənə dedi ki, MTN-də Rəhim Qazıyevi, Baba Nəzərli və Arif Paşayevi öldürmək istəyirlər, onlar qaçacaqlar. Sən onları gizlətməlisən. Axşam onları Ceyran kafesinin yanına gətirdilər. Mən maşını sürdüm, Onları götürüb Xırdalana gətirdim. Əlikram Hümbətovu Lənkərana yola saldıq. O biriləri isə qaldı. Əlikram Hümbətov tutulanda bildim ki, vəziyyət pisdir, mən qaçdım”.


M.Əliyev bildirib ki, raket məsələsi isə yalandır: “Çünki həmin bağ evində MTN 10 dəfə araşdırma aparıb. Mən Heydər Əliyevi vurmaq istəməmişəm. Bu işlər quramadır”.

M.Əliyev Elçin Əmraslanovla da heç bir əlaqəsinin olmadığını söyləyib: “Çünki Ayaz Mütəllibov mənə zəng etmişdi ki, Elçin Əmraslanov Rusiyadadır, onunla görüşmə. Mən də dedim ki, onunla mənim heç bir əlaqəm ola bilməz. Moskvada köhnə pasportla yaşamaq çətin idi. Dağıstana da ona görə də, gəldim ki, orada rahat yaşayım. Çünki orada müsəlmançılıqdır. Cavanşir Piriyevin öldürülməsi ittihamına görə, Azərbaycana qayıtdım. Yoxsa, məni heç kim tuta bilməzdi”.


O, səhhətimdə ciddi problemlərin olduğunu söyləyib.

Proses yanvarın 18-də davam etdiriləcək.



Qeyd edək ki, M. Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2000-ci ilə kimi qüvvədə olmuş qəsdən adam öldürmə, Cinayət Məcəlləsinin hazırda qüvvədə olmuş 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə (terror aktı) hazırlıq görmə), 232.2.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama maddələri ilə təqsirləndirilir.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar