Boğaraq öldürdüyü bacısını həyətdə basdırıb
28 dekabr 2009 17:35 (UTC +04:00)

Boğaraq öldürdüyü bacısını həyətdə basdırıb

Bakıda 3 il əvvəl baş vermiş dəhşətli qətl hadisəsinin üstü açılıb.


Bu barədə APA-ya Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, Astara rayon sakini, 1985-ci il təvəllüdlü Sevman Rəhman oğlu Ramazanov doğma bacısını öldürməkdə ittiham olunur. Belə ki, bir müddət əvvəl sevdiyi qızı zorlamaqda təqsirli bilinərək Astara polisi tərəfindən saxlanılan S.Ramazanov bu əməlini təkzib etsə də, 2006-cı ildə törətdiyi ağır cinayətini etiraf edib.


İstintaqla müəyyən edilib ki, S.Ramazanov 2006-cı ildə Əzizbəyov rayonu, Türkan qəsəbəsində yaşayan bacısı, 1984-cü il təvəllüdlü İradə Ramazanovanı namus üstündə boğaraq qətlə yetirib. Sonra isə onun meyitini digər bacısı Pərvanə Ramazanovanın həyətində basdırıb. Hadisədən bir il sonra S.Ramazanov izi itirmək məqsədi ilə bacısının meyitini torpaqdan çıxardaraq Türkan qəsəbəsi ərazisində yerləşən zibilliklərin birində yandırıb. Hadisə yerinə baxış keçirən əməliyyatçılar oradan meyitin qalıqlarını aşkar edərək götürüblər.


İstintaq tərəfindən dindirilən S.Ramazanov bacısını yüngül həyat tərzi keçirdiyini üçün öldürdüyünü bildirib. Onun sözlərinə görə, hələ hadisə baş verməzdən əvvəl valideynləri də bu əməllərinə görə, İradə Ramazanovadan imtina edibmiş.


Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 647

Oxşar yazılar