Yasamaldakı dəhşətli qətlin təfərrüatları məlum oldu
23 avqust 2010 14:32 (UTC +04:00)

Yasamaldakı dəhşətli qətlin təfərrüatları məlum oldu

Yasamalda qohumuna 71 bıçaq zərbəsi vuraraq öldürəndən sonra özünü 5-ci mərtəbədən atan şəxsin vəziyyəti normallaşıb. Lent.az-ın məlumatına görə, o, qohumunun evinə girərək vəzifə və pul mübahisəsini həll etmək istəyib.


Hadisə bu gün – avqustun 23-də gecə saatlarında Yasamal rayonunda baş verib. Yasamal Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Habil Bayramov əvvəlcədən Faiq Yəhyayevlə əlbir olaraq qohumu İsmayıl Allahverdiyevin evinə girib, qohumuna 54 bıçaq zərbəsilə öldürüb. Daha sonra isə H.Bayramov həmin mənzilin eyvanından – 5-ci mərtəbədən tullanıb. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Klinik Tibbi Mərkəzdən Lent.az-a verilən məlumata görə, yaralının vəziyyəti normallaşıb. O, əməliyyatdan sonra palataya yerləşdirilib.


Hadisənin təfərrüatları barədə isə mərhum İsmayıl Allahverdiyevin qonşuları Lent.az-ın müxbirinə danışıb. Aşağıda qeyd olunanlar bir neçə qonşunun, əsasən də Yusif Əliyev və Hacı Hacıyevin danışdıqları əsasında yazılıb.


Gecə saat 01.00 radələrində Bünyadzadə küçəsi 230, ev 10-dan səs-küy eşidilib. Həmin vaxt ailəsi başqa yerdə olan İsmayıl Allahverdiyev qışqıraraq qonşuları köməyə çağırıb. Əsasən də yan qonşusu olan Orxanı səsləyib. Qonşular səsə həyətə çıxıb və onun qapısının önünə yığışıb. Nə qədər qapını döysələr də heç kəs qapını açmayıb. Əvəzində içəridən qadın səsi eşidilib. Həmin səs, narahatlığa əsas olmadığını, hər şeyin qaydasında olduğunu deyib və qonşuların çıxıb getməsini istəyib.


“O qadın səsini çıxaran kişi idi, qadın deyildi. Çox əcaib səs idi. Nə kişi səsinə oxşayırdı, nə də qadın” deyir qonşular.


Sonra aşağı mərtəbədə yaşayan qonşular binanın arxa tərəfində gurultulu səs eşidiblər. Ora gələndə ağacın budaqlarını qıraraq yerə düşmüş bir kişi görüblər. O, ədyalla özünü bürüyübmüş. Sonra məlum olub ki, bu İsmayıl Allahverdiyevin anasının əmisi oğlu Habil Bayramovdur.


“Habil qorxub ki, içəri girəcəyik onu tanıyacağıq. Ona görə də üz-gözünü bürüyərək özünü aşağı atıb” – İ.Allahverdiyevin qonşuları belə deyir.

Yan blokda yaşayan Hacı Hacıyev səs-küyü eşidib Habil Bayramovun yanına ilk gələnlərdən olub. Üstündəki ağac budaqlarını qaldırıb, daha sonra nə isə etməkdən çəkinib: “Habil inildəyə-inildəyə əlini uzadıb “qaldır məni” dedi. Neçə dəfə təkrar elədi”.


Hacı Hacıyev isə qorxub ki, kömək etsə hadisəyə onun da adı qarışar. Ona görə də qaçaraq içəri keçib və əvvəlcə 103-ü (Təcili Tibbi Yardımı) daha sonra da 102-ni (Polisi) yığıb.


İçəridə qalan Faiq Yəhyayev isə qadın səsi ilə yığışanları qaçıra bilmədiyini görüb başqa üsula əl atıb. Eyvana çıxaraq hər kəsin çəkilməsini tələb edib. Əks təqdirdə özünü eyvandan atacağını söyləyib. Qonşulardan, polisdən dərhal çıxıb getmələrini istəyərək qışqırıb. Gecə saat 1-dən başlayan əməliyyat səhər saat 5-də bitib. Təxminən 4 saat sonra polis içəri keçərək F.Yəhyayevi tutub.


Qətli törədən və daha sonra özünü eyvandan atan Habil Bayramov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təlim Mərkəzində böyük növbətçi vəzifəsində çalışıb. Mərhum isə Biləcəri Enerji Təchizatı İdarəsinin rəisi olub. Qonşuların söylədiyinə görə bu qohumlar arasında işə düzəltməyə görə pul söhbəti olub. H.Bayramov İ.Allahverdiyevə başqa bir qohumunu işə düzəltməsi üçün pul verib. Pulu alan İ.Allahverdiyev verdiyi sözü tutmayıb. Habil isə pulunu ala bilməyib.


Qonşuların sözlərinə görə, Faiq Yəhyayevi Habil Bayramov özünün işlədiyi yerdən götürüb. Onu içəridən çıxararaq, görəcəyi işdə kömək etməsi üçün istifadə edib.


İsmayıl Allahverdiyevin cəsədi isə doğulduğu rayona – Beyləqana aparılıb.


Qeyd edək ki, Baş Prokurorluq qətllə bağlı rəsmi məlumat yayıb. Lent.az-ın prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumatda deyilir:


22 avqust 2010-cu il tarixdə saat 01:20 radələrində Bakı şəhər sakini Allahverdiyev İsmayıl Nuruş oğlunun, yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə küçəsi, ev 2, mənzil 10-da qəsdən öldürülməsi barədə Yasamal rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib. İlkin araşdırmalarla müəyyən edilib ki, avqustun 22-də saat 00:40 radələrində 1974-cü il təvəllüdlü, Bakı şəhər sakini, işləməyən Yəhyayev Faiq Əliağa oğlu, 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Bayramov Habil Fətəli oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qohumu, 1952-ci il təvəllüdlü, Biləcəri Enerji Təchizatı və Enerji Satışı sahəsinin rəisi Allahverdiyev İsmayıl Nuruş oğlunu tamah məqsədilə qəsdən öldürmək niyyətilə onun yaşadığı mənzilə gələrək özlərində olan bıçaqla bədəninin müxtəlif nahiyələrinə, o cümlədən 25-i döş boşluğuna və 1-i qarın boşluğuna olmaqla, cəmi 71 zərbə vurmaqla xüsusi amansızlıqla qəsdən öldürüblər.


İsmayıl Allahverdiyevin səsinə həmin binada yaşayan qohumları gəlib mənzildə kənar şəxslərin olduğunu başa düşərək onlardan mənzilin giriş qapısını açmağı tələb etməklə bu barədə dərhal polisə məlumat veriblər.


Bu zaman Habil Bayramov ifşa olunacağını başa düşərək məsuliyyətdən yaxa qurtarmaq üçün özünü 5-ci mərtəbədə yerləşən həmin mənzilin pəncərəsindən yerə atıb, lakin ağır dərəcəli bədən xəsarətləri aldığından düşdüyü yerdən qalxıb qaça bilməyib. Polis əməkdaşları qapını sındıraraq mənzilə daxil olduqdan sonra İsmayıl Allahverdiyevin meyitini aşkar edib, Faiq Yəhyayev isə mənzildə cinayət başında yaxalanıb.
Habil Bayramov dərhal təcili tibbi yardım xidməti tərəfindən xəstəxanaya çatdırılıb.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib.
F. Yəhyayev şübhəli şəxs qismində dindirilərkən hadisəni tamah məqsədilə törətdiyini etiraf edib.


Hazırda iş üzrə istintaq Yasamal rayon prokurorluğunda davam etdirilir.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56