Prezident: "Bu, böyük tarixi hadisədir"
10 dekabr 2012 22:30 (UTC +04:00)

Prezident: "Bu, böyük tarixi hadisədir"

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqını təbrik edib.

APA-nın xəbərinə görə, prezident təbrik nitqində Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etməsini böyük tarixi hadisə adlandırıb və bu münasibətlə Azərbaycan xalqını təbrik edib.
Ölkə başçısı Bakının ilk dəfə Avropa Olimpiya Oyunlarına ev sahibliyini etmək haqqını qazanmasının ölkəmizin böyük uğuru olduğunu qeyd edib.
Azərbaycanın bu oyunları yüksək səviyyədə keçirəcəyini deyən prezident Bakının birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə, Avropa Olimpiya Oyunlarının tarixinə düşəcəyini də vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, qərarın qəbulunda ölkəmizin beynəlxalq nüfuzu, dünya birliyinin Azərbaycana hörmətlə və etimadla yanaşması rol oynayıb: "Keçən il ölkəmizin tarixində böyük hadisə baş vermişdir, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilmişdir. Biz bu şərəfə 155 ölkənin dəstəyi ilə layiq görüldük və bir il ərzində Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan öz prinsipial mövqeyini göstərir. Əvvəllər də bəyan etdiyim kimi, biz Təhlükəsizlik Şurasında beynəlxalq hüquq normalarını və ədaləti müdafiə edəcəyik. Bir sözlə, beynəlxalq əlaqələrimiz genişlənir, dostlarımızın sayı artır və ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyib".

Prezident qeyd edib ki, ölkənin iqtisadi uğurları da bu qərarın qəbul edilməsində öz rolunu oynayıb: " Son doqquz il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyatımız üç dəfə, yəni, 300 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi prosesi uğurla gedir. Biz bu ilin yekunlarına görə də yenidən gözəl iqtisadi uğurları görürük və bununla fəxr edirik. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdədir. Bütün əsas beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini hətta böhranlı illərdə də artırıblar. Yəni, iqtisadi imkanlar da öz rolunu oynamışdır".

Azərbaycanda və Bakıda müasir infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edən prezident onların bir çoxunun artıq tamamlandığını, Bakının dünyanın ən gözəl şəhərlərinin siyahısında olduğunu vurğulayıb: "Növbəti illərdə də Bakının infrastrukturunun genişləndirilməsi, müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək".

"Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Şəhər gündən-günə gözəlləşir. Böyük işlər görülür, ictimai yerlər, parklar salınır, binalar bərpa edilir. Özəl sektorun inkişafı üçün çox gözəl şərait vardır. Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Eyni zamanda, iqtisadi, yəni, maliyyə resurslarımız da bizə imkan verəcəkdir ki, Olimpiadanı yüksək səviyyədə keçirək"-deyə, ölkə başçısı qeyd edib.

Azərbaycan prezidenti Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görüldüyünü də bildirib: " Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatmışdır. Hazırda tikilməkdə olan idman obyektləri yaxın iki il ərzində istifadəyə veriləcəkdir. Yəni, biz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikik. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz var".

"Bu xəbər cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanmışdır. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir"- deyən ölkə başçısı idmançılarımızın Yay Olimpiya Oyunlarındakı uğurlarından da danışıb: "Bu il Yay Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq, on medal qazanmışıq. Dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşük. Yəni, bütün bu amillər bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik".

Prezident bildirib ki, oyunların keçirilməsi 2015-ci ildə nəzərdə tutulur: " Bizim hazırlıq üçün cəmi iki il vaxtımız var. Əminəm ki, biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Eşq olsun Azərbaycana!"
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5347

Oxşar yazılar