Ötən gün baş verən 2 ağır yol qəzasında 2 nəfər dünyasını dəyişib.
Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 28-də saat 16 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Səfikürd kənd sakini Tapdıq Behbudov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb.
Digər ölüm hadisəsi saat 23 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində baş verib. Muğanlı kənd sakini Z.Talıbov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Xəyal Səlimovu vurub, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı yerli Rayon Polis Şöbələri tərəfindən araşdırma aparılır.