Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.
N.Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
N.Səlifovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir.
İlkin məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.