Evdə ayaqqabı geyinmək vərdişi ayaq və bel ağrılarından, dartınmalardan və digər xoşagəlməz problemlərdən qorunmağa kömək edə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, uzaqdan iş rejiminin populyarlaşması ilə birlikdə getdikcə daha çox insan bütün günü ayaqyalın gəzməyə üstünlük verir və təəssüf ki, ayaq ağrılarından əziyyət çəkənlərin sayı da artır.
Mütəxəsslərin sözlərinə görə, bir çox insan evdə sərt döşəmə üzərində nə qədər vaxt ayaqyalın gəzdiyini fərq etmir. İnsanlar mətbəxdə gəzir, ev işləri görür, pilləkənlərdən istifadə edir və bütün bunları ayaqlar üçün lazımi dəstək və amortizasiya olmadan edirlər.
Sərt döşəmədə amortizasiyanın olmaması ayaqlara düşən təzyiqi artırır və bu da iltihabi proseslərə, nəticədə isə plantar fassiit və ya Axilles vətərinin tendiniti kimi ciddi problemlərə səbəb ola bilər.
Həkimlərin sözlərinə görə, bu ağrılar dizlərə, ombalara və belə də yayıla bilər. O bildirib ki, heç kim sərt döşəmədə davamlı gəzməyə görə əziyyət çəkməməlidir, çünki belə səthlər yumşaq ot örtüyündən və ya qumlu çimərlikdən tamamilə fərqlənir.
Lakin problem təkcə sərt döşəmə ilə bağlı deyil. Ayaqyalın gəzmək həmçinin xəsarət alma, əşyalara ilişib yıxılma və ya ayaq barmaqlarını vurma riskini artırır.
Rahat ayaqqabı isə daha yaxşı qoruma təmin edir. Ayaqüstə işləyən və ya gün ərzində uzun müddət ayaq üstə qalan insanlar ayaq yorğunluğu da hiss edə bilərlər.