“Məni aparın, başımı kəsin, qız-gəlini buraxın...” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
06 iyul 2015 13:10 (UTC +04:00)

“Məni aparın, başımı kəsin, qız-gəlini buraxın...” - ƏSİR DÜŞƏRGƏSİ

2014-cü ilin avqustu, Goranboyun Ağcakənd qəsəbəsindəyəm, “Əsir düşərgəsi” üçün qəhrəman axtarıram.

 

Xocalı faciəsi zamanı ailəlikcə girov düşmüş Salman Abbasov 1940-cı ildə dünyaya gəlib. Faciədən sonra ər-arvadın heç birinin ayağında barmaq yoxdur...

 

I hissə: http://news.lent.az/news/207644

 

- Qızlarınızdan hansılar yox idi?

 

- Böyük qızım Məruzə ilə on dörd yaşlı Mənsurə. Balaca anasının əlindən tutub gedirdi. Bir də qayanı cırmaqlaya-cırmaqlaya sürüşüb düşdüyümüz yerlə yuxarı qalxmışam. Axtarıb görmüşəm ki, iki bacı başlarını bir-birinin dizinin üstünə qoyub, yatıblar... Oyatdım, dik atıldılar, qorxmayın dedim, erməni deyil, atanam... Durun gəlin... Bir də təzədən o sıldırım qayadan sürüşüb, endik aşağı...

 

- Vəziyyətiniz necə idi?

 

- Şaxta ayağımızın dərisini, ətini aparmışdı. Sümüyü yerə vurarsan necə olar, bax elə... Ayaqlarımız yerə dəydikcə taqqıldayırdı. Hissiyyat yox idi artıq... Olsaydı, bir addım da ata bilməzdik o ağrı ilə. Barmaqlarım artıq meşədə düşmüşdü... Gözümün qabağında ayağımdan qopub, qarın üstünə düşmüşdü... İkisini isə erməni saldı... Avtomatın qundağı ilə elə vurdu ki, qopub düşdü... Onda huşumu itirdim... Ailəlikcə meşəyə ayaqyalın girmişdik. Qar da corabı əlimizdən aldı, bütün ailə üzvləri qaldıq ayaqyalın. Əynimdə qara palto var idi, meşədə onun qollarını söküb çıxartdıq, Məruzənin ayaqlarına keçirtdik, sıxıb bağladıq... O da qar tutub, buz bağladı, çıxdı... Yəni çayı keçəndən hamımız ayaqyalın idik...

 

***

 

Gözləyib qaranlıq düşəndə Pircamal kəndinə girdilər. Evlərdən çıraq işığı közərirdi. Sakitcə kəndin içi ilə yolu keçib, asfalt yola çıxdılar. Burada dağlardakı qədər qar yox idi, ərimişdi... Ala-tala qara rast gəlirdilər. Qar torpağa qarışıb dərin palçıqlıq yaratmışdı. Asfalt yol qurtaranda, qarşılarına palçıqlı yol çıxdı. Palçığın içi ilə ayaq izləri uzanıb gedirdi.

 

- Hə, izlərinə düşdük! Bizimkilərin addımıdır! Bax, bu izlə getsək, gedib Ağdama çıxa biləcəyik! – deyə Salman sevindi.

 

- Yox, ata! Bu bizimkilərin ayaq izi ola bilməz! – Mənzurə halsız dilləndi - Bu daha çox sovetdən qalma əsgər çəkmələrinin izinə oxşayır! Bizdə belə ayaqqabısı olan adam yoxdur.

 

- Yox ey, özümüzünkülərdir!

 

- Ay qız, atanla dilləşmə! Bir şey bilir ki, deyir! – Bəsti Mənzurənin sözünü kəsdi. Salman əminliklə elan etdi:

 

- Bu izlə irəliləyək. Bu yol bizi düz Ağdama aparıb çıxardacaq!

 

İzin arxasınca düşüb, yollarına davam etdilər. Bir az getmişdilər ki, yaxınlıqdakı qayanın arxasından səs gəldi:

 

- Kimsən?

 

- Mənəm! – Salman erməni dilində cavab verdi.

 

- Sən kimsən?

 

- Vartan!

 

***

 

- Amma başa düşdülər... atəş açmağa başladılar...

 

- Yaxında idilər?

 

- Təxminən iyirmi metr. Atdılar, amma vurmadılar. Qəsdən ətrafa vurdular ki, qaçmayaq... Tökülüb gəldilər, ermənilər idi, əyinlərində də sovet əsgəri geyimi... Ayaqlarında da həmin çəkmələr... Soruşdular “Kimsiniz, nəçisiniz, hara gedirsiniz, burda nə gəzirsiniz?” Dedik Xocalıdanıq, neçə gündür meşədəyik... Yol axtarırıq... Dedi, düşün qabağıma! Nə qədər yalvar-yapış elədim ki, məni aparın, başımı kəsin, bu qız-gəlini buraxın çıxıb getsinlər...

 

- Üstünüzdə qiymətli nə isə var idi?

 

- Evdən çıxanda tüfəngimi götürmüşdüm. Bir də səkkiz yüz manat pulumu cibimə qoymuşdum. Qızıl götürmədik, qızların üstündə nə var idisə, o idi. Meşədə bizim dəstəmizi atəşə tutanda tüfəngi də, patrondaşı da tulladım ki, silahlı tutmasınlar... Bilirdim ki, axırda tutulacağam... Tutulanda çıxardıb pulu verdim ki, al, götür, qadınları burax. Dedi, olmaz! Əgər bilsələr ki, buradan türk buraxmışam, məni güllələyərlər. Əllər yuxarı, düşün qabağıma! Həm pulu əlimdən aldılar, həm də düşün qabağıma deyəndə özümdə olmamışam, nə demişəmsə, bu gün də yadımda deyil... Əclaf demişəm, vicdansız demişəm, bilmirəm. O sözə görə məni necə vurdusa, huşumu itirdim... Bir də gözümü açdım ki, başımı gözümü qarla ovub, məni ayıldırlar...

 

- Sizi hara apardılar?

 

- Pircamal kəndində mal tövləsinə saldılar... Orda da nə zülm verdilər, nə müsibətlər çəkdik... Nə dilə almalıdır, nə də yada salmalı... Yeddi cavan oğlanı gözümüzün qabağında güllələdilər... Dördü Xocalıda məskunlaşmış Ahıska türkü, üçü isə yerli sakinlər idi.

 

***

 

Onları günlərlə tövlədə ac saxlayıb, gündə iki dəfə ağacla və avtomatın qundağı ilə döyürdülər. Ağır yaralılar döyülərkən öldü...

 

Bir neçə gün sonra sağ qalanları yük maşınına yığıb, yola düşdülər. Əlli iki yaşlı Salman bu adamların içində sağ qalan yeganə kişi idi...

 

Sevdiyi qadınlar dara düşəndə “Qorxma, mən yanındayam!” deyə bilməyən kişi özünü çox bərbad hiss edir. İndi Salmanın durumu belə idi. Başını qaldırıb nə qızlarının üzünə baxa bilirdi, nə də Bəstinin...

 

Günlərdir tövlədə əzab çəkirdilər. İndi isə hara aparıldıqlarını, başlarına nə gələcəklərini bilmirdilər. Yük maşınında elə bir gərginlik var idi ki... Bu vaxt maşın dayandı və bir hərbçi əlini atıb Salmanın ayaqlarından yapışıb, çəkməyə başladı. Balaca Nərgiz bərk-bərk atasının əlindən yapışsa da, hərbçi bir göz qırpımında Salmanı çəkib maşından aşağı atdı. Yola davam etdilər...

 

Yük maşın Ağdamın Qarağacı qəbiristanlığında dayananda hərbçilər əmr etdi:

 

- Düşün, gedin! Azadsınız!

 

***

 

Bəsti xanım xatırlayır:

 

- Ayaqlarımız yer tutmasa da, çətinliklə aşağı enib, getməyə başladıq. Birdən döndüm arxaya baxdım, gördüm ermənilər dayanıb... Qabağa baxdım, gördüm qızlarım bir-birindən yapışıb, güclə addımlayırlar... Elə bil donub keyimişdim, onda ayıldım. Öz-özümə dedim, “Ay Allah, mən bu qızları atasız necə saxlayacağam?” Qardaşları da hamısı meşədə qaldı. Atasız, qardaşsız üç qızı necə saxlayacağam? Elə oradaca çöküb oturdum yerə...

 

***

 

Xocalı girovlarının dəyişdirilməsində müstəsna xidmətləri olan Ağdam özünümüdafiə batalyonunun komandiri Allahverdi Bağırov yerə çöküb oturan Bəstiyə yaxınlaşdı:

 

- Ay ana, niyə oturdun, qalx!

 

- Yox! Bu qızların atası gəlməyincə mən oturduğum yerdən tərpənən deyiləm!

 

- Onu da alacağıq, qalx!

 

- Yox! Oğul, sənə qurban olum, mən yaşlı qadınam. Pulum yox, evim yox, malım yox, dövlətim yox. Oğullarımı da meşədə itirdim. İndi bizim o kişidən başqa heç kimimiz yoxdur. O olmasa, mən bu qızları necə saxlayaram? Gözümlə gördüm ki, öz ayaqları ilə Ağdama gəldilər. Bizim də elə kişi ilə çalışdığımız bu idi ki, qızları Ağdama çatdıra bilək. İndi onlardan arxayın oldum, məni geri qaytarsınlar!

 

- Ay ana, geri qaytarmaq nədir...

 

- Ərim harda, mən də orda! Aparsınlar məni onun yanına. Mən qayıtmaq istəmirəm! Aparıb bir yerdə öldürsünlər!

 

Allahverdi Bağırov nə qədər dilə tutub, başa salmağa çalışsa da, Bəsti öz dediyində durmuşdu, yerindən tərpənmirdi. Nəhayət, Allahverdi soruşdu:

 

- Ay ana, yoldaşının adı nədir?

 

- Abbasov Salman.

 

Yük maşının qarşısında dayanan erməni hərbçisinə tərəf döndü:

 

- Get, Abbasov Salmanı da tap gətir! Yoxsa danışdıqlarımızı verməyəcəyəm!

 

- Axı...

 

- Mən sözümü dedim! Salman Abbasovu gətirin, sonra!

 

Erməni hərbçi başını bulayaraq, maşına mindi.

 

Girovluqdan qaytarılan qadınlar özlərini döyür, üzlərini cırırdılar. Döyüşçülərdən birinin qucağına alıb apardığı Bəsti isə ağlayaraq geri qaytarılmasını tələb edirdi:

 

- Geri qaytarın məni! Qoy yerə, düşüb qayıdım! Qoyun məni də aparıb Salmanla bir yerdə öldürsünlər! Mən onsuz yenidən necə yurd salacağam?

 

***

 

Salmanı maşında qadınlardan ayırandan sonra, “Əsir düşərgəsi”nin oxucularının yaxşı tanıdığı Əsgəran Milis Şöbəsinə gətirmişdilər. Əsirlik taleyi bu yerdən keçən hər kəs kimi o da bir-birindən amansız işgəncələrə məruz qalmışdı.

 

Qapı açılıb “Abbasov Salman buradadır?” soruşanda, o əlləri ilə üzünü örtərək kameranın küncünə çöküb dubinka zərbələrindən qorunmağa çalışırdı. Buraya gətirildiyi cəmi bir neçə saat idi, artıq dörd qabırğası çatlamış, ayağında qalan barmaqlar qopardılmışdı. Qanın içində idi. Hər başına, üzünə, bədəninə endirilən zərbələrlə ölüm ona daha da yaxınlaşırdı.

 

Adını eşidəndə zarıldadı:

 

- Mənəm...

 

Salman Əsgəran Milis şöbəsinə gətiriləndən fasiləsiz döyülürdü. İndi niyə axtarıldığını bilməsə də, özündə güc tapıb dillənə bildiyi üçün çox xoşbəxt idi. Çünki o “mənəm” deyəndə, hərbçi əlini saxladı, Salman bir neçə saniyəlik yaşamaq fürsəti əldə etdi...

 

Dubinkalı hərbçi küncə yıxılıb qalan Salmanı sinəsindən sürüyüb qapının qarşısında dayanan adamın ayağı altına atdı:

 

- Budur, al! Neynirsən ki?

 

- Lazımdır! Ey, türk, yerdə şellənmək vaxtı deyil, qalx ayağa!

 

Salman ayağa qalxmağa çalışdı. Çətinliklə dizi üstdə qalxsa da, yenidən yıxıldı. Hərbçi Salmana təpikləyərək qışqırdı:

 

- Ə kaftar, demirəm dur ayağa?! Uzanıb dincəlmək vaxtı deyil!

 

Təpik zərbələrindən Salman yerdə yumaq kimi büküldü. Hərbçi onun ayaqlarından dartıb sürüyərək kameradan çıxartdı.

 

...Hərbçi hirslə onun üzünə su vuraraq özünə gətirməyə çalışırdı:

 

- Türk, əgər bir yerdə dilinə alsan ki, burada döyülmüsən, səni tapıb tikə-tikə doğrayacağıq! Biz səni döyməmişik! Biz səni tutanda elə bu kökdə idin! Oldu?! Özünüzünkülər eləyib! Eşitdin?

 

Salman qeyri-ixtiyarı “hə, hə” deyərək, dilini çıxardıb üzünə çırpılan su damcılarını yalayırdı. Onu sürüyüb maşına atdılar...

 

***

 

- Eləcə, məni o kökdə Ağdama gətirib qaytardılar. Ayağım yer tutmurdu, şəkillərdə də xərəkdəyəm...

 

Bəsti xanım: Qızım, arada deyirəm ki, bax o vaxt səni mən xilas eləmişəm e... Mən olmasam səni buraxmayacaqdılar... Səni ermənidən güclə almışam...

 

- Ağdamda xilas ola bilən ailə üzvlərinizdən kimisə tapa bildiniz?

 

- Oğlanlarım... Öldüklərini hesab etdiyimiz oğullarım yuvarlanıb çalalara düşüblər, sonra onlar da bizi axtarıb tapmayıblar... Onlar da bizi ölmüş biliblər... O hadisədən dörd gün sonra necəsə gəlib Ağdama çıxıblar...

 

(SON)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2743
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar