“Heç olmasa, balamın meyitini tapıb özümlə aparmalıydım...” –<span style="color:red;"> ƏSİR DÜŞƏRGƏSİ
20 noyabr 2015 12:00 (UTC +04:00)

“Heç olmasa, balamın meyitini tapıb özümlə aparmalıydım...” – ƏSİR DÜŞƏRGƏSİ

 

Lent.az-ın “Əsir düşərgəsi”ndə xocalıdan olan Əliməmmədovlar ailəsinin taleyi ilə tanış olacaqsınız. Yaşar Əliməmmədovla 2014-cü ilin yayında Ağcakənddə, oğlu Sirac ilə isə bu ilin yayında Bakıda görüşmüşəm. Bu ailənin yaşadıqlarını yazmağa güc tapmaq üçün mənə çox vaxt lazım oldu...

 

Oxucular yazıları gec-gec yayımladığım üçün məni qınayır. Bəlkə də haqlıdırlar, bilmirəm. Amma... Axı bu, ilk körpə girovun hekayəsi idi ki, dinləyirdim... Azyaşlılardan Müşfiqin, Əhmədin hekayəsini dinləmişəm. Amma Sirac onlardan da kiçik olub... Girovluqda bir günün içində böyüyəndə onun cəmi altı yaşı olub...

 

Yer üzündəki heç bir uşağın güllə səsi eşitməməsi ümidi ilə...

 

***

 

I hissə

 

O geri çevriləndə evləri alışıb yanırdı. Bayaqdan anlamadığı bir təlaş içində ata anasına qısılıb camaatla ayaqlaşmağa çalışan altı yaşlı Siracın hönkürtüsü Yaşarı ildırım kimi vurdu:

 

- Evimiz, evimiz yanır!

 

Üzü meşəyə baxan iki mərtəbəli evi bürüyən alovu bütün varlığında hiss etdi.

 

Evi təzəcə tikib tamamlamışdı, hələ heç çəkdiyi əziyyətin yorğunluğu canından çıxmamışdı. Səidə hələ bu evi ürəyi istədiyi kimi əl gəzdirib bəzəyə bilməmişdi. Əgər hər tərəfdən şaqqıldayan silah səsləri olmasaydı, Yaşar indicə Siraca qoşulub, hönkürəcəkdi...

 

Hələ qabarı getməmiş əlləri ilə Siracı sinəsinə sıxdı:

 

- Atan sənə bundan da böyük, bundan da qəşəng ev tikəcək!

 

- Evimiz yanır, evimiz!

 

- Bizim yenə evimiz olacaq, bala...

 

Yaşar ölümlə üz-üzə dayandığı bir vaxtda bu sözlərlə Siracı ovutmalıydı. O yaxşı bilirdi ki, evi olmayan uşağın keçmişi yoxdur, bu günü qaranlıq, gələcəyi zülmətdir...

 

Elə buna görə də oğlu dünyaya gələn kimi ata yurdunun yaxınlığında ev tikməyə başlamışdı. Yaşar evin böyüyü idi, dörd qardaşı, iki bacısı var idi.

 

Ata-anası hər dəfə “hara tələsirsən” soruşanda, Yaşar cavab verməyə sıxılır, təklikdə isə Səidəyə deyirdi: “İstəyirəm oğlum öz evində böyüsün. Bir kişi üçün bu çox vacibdir. Həm də qardaşlarım bir azdan ailə quracaqlar...”

 

İndi həmən sözlər Siracın hönkürtüsüylə bərabər Yaşarın qulağında cingildəyirdi...

 

...Evin divarları qalxırdı... Yaşar axşamlar işdən gələn kimi ustalara qoşulub, daş daşıyır, palçıq qatır, taxta yonurdu...

 

Sirac qışqırırdı: “Evimiz yanır, evimiz!”

 

Səidə hər ikisinin çiynindən yapışıb silkələdi:

 

- Gedək, aralı düşərik... Evi sən tikmişdin, Yaşar. Bu müsibətdən sağ çıxsaq, yenə tikəcəksən!

 

- Hə, ağlama oğlum, bizim yenə evimiz olacaq! Atan yenə sənə ev tikəcək...

 

Qara bata-bata, üzü yuxarı qalxdılar...

 

***

 

Sirac 23 il sonra o günü belə xatırlayır:

 

- Atam, anam, anamın atası Cəmil babam, Faiq əmimlə birlikdə idik. Ətrafda hamı bir-birinə qarışıb qışqırırdı. Meşədən də üstümüzə tanklar gəlirdi. Ermənilər qardan seçilməmək üçün  ağ paltar geyinmişdilər. Kətik meşəsindən Ağdama yol var idi deyə, camaat hamısı ora üz tuturdu. Bir tərəfdə Xankəndi, o biri tərəfdə isə Əsgəran idi...

 

Yaşar Əliməmmədov:

 

- Camaat nə edəcəyini bilmirdi. Hamı gecə ilə evindən çıxıb qaçmışdı, geri dönəndə alışan evimizi görürdük, irəli gedəndə üstümüzə hücum edən erməniləri... Xocalını zirehli texnika ilə atəşə tutmuşdular. Aeroportu yandırmışdılar, şəhər yuxarıdan-aşağıya yana-yana gəlirdi. Alovun içindən çıxıb, erməni tankının üstünə qaçırdıq… Adamların yarısı meşəyə üz tutdu, yarısı isə Qarqar çayının sahili boyunca qaçırdı…

 

***

 

Yaşar atasını kürəyinə alıb, Qarqar çayını keçirtdi. Yola davam etməliydilər. Şahmalı kişi getməyəcəyini dedi:

 

- Namiqsiz bir addım da atmaram!

 

- Namiq gəlib bizə qoşulacaq, gedək...

 

- Yox, getmirəm!

 

Şahmalı əlli ilə yaxın idi ki, Xocalıda müəllimlik edirdi. Beş oğlunun ikisi Moskvada, ikisi isə Xocalıda yaşayırdı. Müharibə başlayandan evin sonbeşiyi, Gəncə Texnologiya Universitetinin ikinci kursunda oxuyan Faiq də ali təhsilini yarımçıq qoyub, Xocalıya qayıtmışdı. İndi üçü də - Yaşar da, Namiq də, Faiq də növbə ilə postlarda dayanırdı. Ermənilər şəhərə hücum edəndə Yaşar evə gəlib ailəsini çıxartmışdı, Namiq isə başqa postda idi. Ondan xəbər çıxmamışdı.

 

Namiq yeni evlənmişdi. Bir neçə aya ata olacaqdı, buna görə də həyat yoldaşını Xocalıdan çıxartmışdılar. Təranə Ağcabədidə hamiləliyinin son aylarını yaşayırdı...

 

Soyuq gecədə Qarqar çayının buz kimi suyunda islanıb, qarlı meşəyə qaçan adamların içində qızları Zemfira ilə Kəmaləyə də rast gəldilər. Zemfira əri Sabir və üç uşağı ilə, yeni ailə quran Kəmalə isə həyat yoldaşı Namiq ilə gəlib Şahmalıgilə qoşuldular. Bütün ailə Namiqi gözləyir, adamlardan onu soruşurdu.

 

Qarqarın soyuq suyunda islandıqları üçün titrəyirdilər. Yola davam etmək lazım idi… Qərara gəldilər ki, hamı birlikdə getməsin. Dəstələrə ayrılıb, hərə bir istiqamətə üz tutsun, qarşıda birləşsinlər.

 

Ölümün üstünə qaçdıqlarını bilirdilər. Bu gecədən qurtuluş yox idi. Bəlkə də böyük ailə bir-birlərinin ölümünü izləməmək üçün bu qərarı verdilər...

 

Yaşar ailəsi ilə bir dəstədə idi, Faiq, qayınatası Cəmil kişi də onlarla idi. Meşə ilə üzüyuxarı irəliləyirdilər.

 

***

 

Yaşar Əliməmmədov: Hardasa yetmişə yaxın adam idik. Elə yuxarı xeyli qalxmışdıq ki, atəş açdılar. Sən demə, düz ermənilərin üstünə getmişik... Neçə nəfərimiz yaralandı, neçəsi elə oradaca həlak oldu... Qalanlar meşəyə səpələndi. Atəş açılanda hamı yıxıldı, kimi öldü, kimi də üzüaşağı yuvarlandı... Ətrafa baxanda gördüm sinif yoldaşım Xuraman iki uşağı və qardaşı Rövşənlə yanımdadır. Mən isə tək idim. Ətrafda bizim ailədən heç kim yox idi... Elə atırdılar ki, başımı qaldırıb çox uzaqlara baxa bilmirdim, tək bacardığım ordakı kol-kosun yanında, qarda gizlənib, aranın sakitləşməsini gözləmək idi...

 

***

 

Bir az sonra atəş səsi kəsildi. Yaşar gizləndiyi yerdən çıxıb, üzü yuxarı qalxaraq, meşəyə səpələnən insanların arasında ailə üzvlərini axtardı… Nə Səidə, nə Sirac, nə də Faiq adamların arasında yox idi. Yaşar onları səsləməyə başladı. Xeyri olmadığını görüb, var gücü ilə çağırdı:

 

- Faiq! Səidə! Sirac! Harada...

 

Atəş səsi Yaşarın səsini kəsdi. O, yenə geri yıxılıb, üzüaşağı yuvarlandı... Əlini atıb dayaq tapmaq istədikcə əli boşa keçir, çətinliklə qalxdığı yolu surətlə aşağı enirdi…

 

***

 

Yaşar Əliməmmədov: Beləcə, adamlardan xeyli aralı düşdüm… Yenə ölənlər, yaralananlar oldu… Heç biri də yad deyildi. Hamısı tanış, qohum, qonşu, sinif yoldaşı… Bizimkilərdən isə heç kim, heç kim yox idi… Atəş səsi kəsilən kimi mən yenidən yuxarı qalxdım… Tək balamın heç olmasa meyitini tapıb, özümlə aparmalıydım…

 

***

 

Yaşar başqa geyimdə olan uşaq meyitlərinin də üzünü çevirib baxırdı. Hətta böyüklərin də arasında Siracı axtarırdı… O isə yox idi… Yaşar lap uzaqdan meyitlərin arasında dolaşıb, onların içində doğmalarını axtaran bir qadın gördü… Bu, Səidə idi… Qarşılaşanda hər ikisinin bir-birinə verdiyi sual eyni oldu:

 

- Sirac?!

 

Səidə tamam əldən düşmüş, paltarları kol-kosa ilişib cırılmışdı. Qarın içində ayaqyalın idi, titrəyirdi...

 

Yaşar paltosunu çıxardıb, əynindəki jileti cırdı. Donmuş əlləri ilə çətinliklə ikiyə böldüyü yun jiletini Səidənin ayaqlarına doladı. O qədər də etibarlı “ayaqqabı” alınmamışdı, amma meşədən çıxmaq üçün kömək edəcəyinə ümid edirdilər. Bir-birlərini tapandan sonra bir neçə dəqiqə əvvəl olduğu kimi “bu, sonumuzdur” düşünmürdülər. İndi onlar bir-birindən güc alıb, qarın içində addımlayır, Siracı axtarırdılar. Əmin idilər, Sirac yaşayırdı. Onlar əvvəlcə Siracı tapacaqdılar, sonra bu lənətlənmiş gecədən xilas olub, özlərinə ev tikəcəkdilər… Axı Yaşar Siraca söz vermişdi.

 

İkisi də bir təpənin yanında əyləşmişdi. Donmamaq üçün ayaqlarını dayanmadan yerə döyürdülər. Dan yeri sökülürdü, ətrafdan atəş səsləri, insan çığırtıları, nalələr eşidilirdi. Səidə əminliklə deyirdi:

 

- Birinci dəfə bizə atəş açanda Sirac əmisinin qucağında idi, yəqin onunla bir yerdədir!

 

Yaşar təsdiqləyirdi:

 

- Hə, Faiq Siracı bir dəqiqə də gözündən kənara qoymaz. İndi onun yanındadır!

 

Hava işıqlaşanda qarın üstündə xeyli qan ləkəsi var idi… Ayaq izlərindən bilinirdi ki, üzü aşağı da gedənlər olub. Yaşarla Səidə üzüaşağı qayıtdı. Xocalılardan üç nəfər də onlarla idi. Bir az gedəndən sonra bir təpənin arxasından iki nəfər göründü. Adamlar əvvəlcə gizləndilər, sonra isə çağırdlar:

 

- Bu tərəfə gəlin, Ağdama yol buradan gedir…

 

Yaşar şübhələndi:

 

- Bu adamlar bizimkilər deyil. Səslərindən hiss eləyirəm. Qorxub qaçan adam səsi deyil bu. Getməyək, ermənilərdir!

 

Kamil isə etiraz etdi:

 

- Erməninin nəyinə lazımdı bizə yol göstərsin? Erməni olsa hərəmizə bir güllə vurub öldürər, niyə bizi çağırsın ki? Görmürsən nə qədər adamı öldürüblər?

 

Belə durumlarda insan bütün varlığı ilə inanmaq istəyir. İnanmaq istəyir ki, xilas olmaq mümkündür. İnanmaq istəyir ki, çıxış yolu lap yaxınlıqdadır…

 

Kamilə inanıb, bir az irəliləmişdilər ki, hər tərəfdən erməni hərbçiləri üstlərinə gəldi. Yenə qaçmağa başladılar, yenə pərən-pərən düşdülər…

 

***

 

Yaşar Əliməmmədov: Nə qədər qaçdıqsa da, xeyri olmadı. Meşə ağ paltarlı desant dəstəsi ilə dolu idi. Bizi də onlar tutdu…

 

- Səidə xanım yanınızda idi?

 

- Ermənilər dəstə ilə üstümüzə gələndə hərə bir tərəfə qaçdı, qarışıqlıq düşdü, Səidəni itirdim. Sonra başımıza kisə keçirib, bizi kəndin içi ilə apardılar… Kisəni başımdan çıxaranda gördüm ki, mal-qara saxlanılan bir tövlədəyik… Ətrafda, üç yüzə yaxın xocalılı var idi… Adamların arasında nə qədər axtardım… Yaşlılar, uşaqlar, hamısı bir-birinə qarışmışdı, amma Səidəni tapa bilmədim…

 

- Sizin ailədən başqa kimsə var idi?

 

- Meşədə tapmadığımız qardaşım Namiqi burada gördüm. O, bizdən də əvvəl tutulanların arasında olub. Bacılarımın həyat yoldaşları, dayım oğlu, o biri qohumlar, qonşular, tanışlar… Ağsaqqal Cəfər müəllim var idi, yoldaşımın dayısı idi, o da yanımızda idi…

 

- Tövlədə sizinlə necə davrandılar?

 

- Əvvəlcə ortaya böyük bir küpə gətirdilər. Üstümüzü yoxlayıb, pul, qızıl, qiymətli əşya nəyimiz vardısa, yığdılar. Bəs eləmədi, kəlbətinlə kimin qızıl dişi vardısa, çıxartdılar. Sonra da elan elədilər ki, bu pula silah alıb, həmin silahlarla da sizi öldürəcəyik… Sonra isə işgəncələr başlandı… Axşam hava qaralana yaxın, bir dəstə erməni içəri girib bizi qruplara böldü.

 

- İçəri girənlər hərbçi idi?

 

- Aralarında hərbi geyimdə olanı da var idi, mülki geyimdə olanı da. Təxminən iyirmi saqqallı olardı.

 

- Sizi qruplara bölüb, harasa apardılar?

 

- Elə oradaca armatur və taxta parçaları ilə başımıza, kürəyimizə və ayaqlarımıza amansızcasına çırpdılar. Bizi bir-birimizin necə üstünə itələyirdilərsə, qanımız bir-birinə qarışırdı. Hamının dişi, başı partlamışdı. Qabırğaları zədələnmişdi. Silahın lüləsi ilə burnumdan necə vurdularsa, burnum sındı. Ağrıdan huşumu itirdim. Özümə gələndə bir müddət gözüm görmədi… Eh… O günləri xatırlamaq dəhşətdir… Baxmayaraq ki, bir saniyəsi belə yaddan çıxmır. Qızım, bizi elə vəhşicəsinə döyür, üstündən də elə hədələyirdilər ki… Hələ bu azmış kimi, üstündən də saatlarla ayaq üstündə durmağa, torpaq, mal-qara təzəyi yeməyə məcbur edirdilər…

 

(Davamı olacaq)

 

II hissədə:

 

Ətrafa baxdı, Namiqlə Faiqin zarıltılarını zorla eşitmək mümkün idi. Yaşarın isə səsi gəlmirdi. Sirac atasının üstünə uzanıb, sığallamağa başladı. Bilirdi, Yaşar nə qədər ağır yaralı olsa da, belə edəndə zorla da olsa əllərini, heç olmasa bir əlini qaldırıb onu qucaqlayacaqdı. Amma Yaşar bu dəfə tərpənmirdi…

# 2375
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar