Suriyadakı hakim rejimə müxalif vəkil Musa Ermanı qaçırmaq istəyən 4 suriyalı Hatayda Türkiyə polisi ilə atışıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı vəkili qaçırmaq istəyən suriyalılar Türkiyəyə qaçaq yolla keçiblər.
Suriya prezidenti Bəşər Əsədin tərəfdarı olan bu 4 nəfər Hatayda bir evdə qalan Musa Ermanın əllərini bağlayaraq avtomobilə mindirib. Avtomobil Yayladağ sərhəd-keçid məntəqəsinə istiqamətlənib. Hatay Polis İdarəsinin əməkdaşları şübhəli avtomobili təqib etməyə başlayıblar. Polisin avtomobilin dayandırılması tələbi isə suriyalılar atəş açmaqla cavab veriblər. Avtomobildən düşərək meşəyə qaçmağa çalışan suriyalılardan 2-si yaralı yaxalanıb. Digər 2 suriyalı da qısa müddətdə yaxalanıb. Olay zamanı qaçırılmaq istənilən Musa Erman yaralanmayıb.
Türkiyə polisinin xilas etdiyi Musa Erman Suriyada ciddi məhkəmə proseslərində vəkil olub, hazırda Suriya müxalifətinin liderləri sırasındadır.