Meksikanın Verakrus ştatında cinayətkarlar tərəfindən qaçırılan turist mikroavtobusunda 11 nəfərin meyiti aşkarlanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Miqel Anhel Yunes bildirib.
“Bu, hökumət və yaxud əhaliyə qarşı edilən hücum deyil, mütəşəkkil cinayətkar qruplar arasında baş verən qarşıdurmadır”, deyə qubernator qeyd edib.
İçərisində meyitlərin olduğu mikroavtobusun Boka-del-Rio şəhərində aşkarlandığı bildirilir. Avtomobilin sahibi artıq müəyyənləşdirilib. Miqel Anhel Yunesin sözlərinə görə, cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.