Uelsdə 10 il əvvəl itkin düşən pişik sahibinin 30 illik yubileyi ərəfəsində tapılaraq ailəsinə qaytarılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Lüsi Robertson və Hanna Devis bacılarının Çarli adlı pişiyi 2016-cı ildə Aberkarn şəhərinə köçdükdən sonra yoxa çıxıb. Bacılar ərazidə uzun müddət axtarış aparsalar da, onu tapa bilməyiblər.

Ailə illər sonra baytarlıq klinikasından gözlənilməz zəng alıb. Məlum olub ki, yaxınlıqda yaşayan sakinlərdən biri Çarlini bəsləyib və daha sonra müayinə üçün baytara aparıb. Klinikanın əməkdaşları pişiyin mikroçipini yoxlayaraq onun əsl sahiblərini müəyyənləşdiriblər.
İtkin düşəndə üç yaşı olan Çarlinin hazırda 13 yaşı var. Bacıların sözlərinə görə, pişik onları görən kimi tanıyıb və əvvəlki fotolarındakı görünüşündən demək olar ki, fərqlənməyib. Müayinə zamanı onun səhhətində ciddi problem də aşkarlanmayıb.

Çarlinin 10 il ərzində harada yaşadığı və necə sağ qaldığı isə hələ də məlum deyil. Ailə indi onu evdəki digər heyvanlara alışdırmağa çalışır. Sahibləri pişiyin diqqət və yeməkdən zövq aldığını, hətta özünü məşhur kimi apardığını zarafatla bildiriblər.