Tikrit azad olundu: İŞİD-ə qarşı əməliyyatlar davam edir
İŞİD terror təşkilatının nəzarətində olan Tikrit şəhəri terrorçulardan azad edilib. Lent.az-ın xəbərinə görə, İraqın şimalındakı Səlahəddin vilayətinin valisi Əhməd Abdullah əl-Cuburi Tikrit şəhərinin İŞİD qüvvələrindən təmizləndiyini açıqlayıb.
İraqın “Əl-İraqiyyə” telekanalı döyüşlərdə 60 nəfərin öldüyünü və İraq ordusunun valilik binasını ələ keçirdiyi xəbərini yayıb.
***
18:15
İraq ordusu İŞİD terror təşkilatına qarşı irimiqyaslı əməliyyata başlayıb. Lent.az-ın xəbərinə görə, iraqlı general Sabah Fətləvi Fransanın “AFP” xəbər agentliyinə verdiyi açıqlamada İŞİD-in nəzarətindəki Tikrit şəhərini terrorçulardan təmizləmək üçün bu gün əməliyyat keçirəcəklərini bildirib: “İŞİD yaraqlılarının iki yolu var: ya qaçacaqlar, ya da öləcəklər”.
Quruda və havada keçiriləcək əməliyyatda minlərlə əsgərin iştirak etdiyi deyilir. İraq ordusu ilk dəfədir ki, İŞİD-ə qarşı belə əməliyyat həyata keçirir.
İraqın keçmiş prezidenti Səddam Hüseynin anadan olduğu Tikrit şəhəri 11 iyunda İŞİD tərəfindən işğal edilmişdi.
Tikrit Mosuldan sonra İŞİD-in işğal etdiyi böyük şəhərlərdən biridir.
İŞİD qüvvələri Tikriti ələ keçirəndən sonra şəhərdə kütləvi qətllər törətmişdilər.