Bu gün axşam saatlarında İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərinə təsadüf edib. 1.9 bal gücündə olan zəlzələ dekabrın 1-də Bakı vaxtı ilə saat 18:22-də (Tehran vaxtı ilə 17:52-də) yerin 6 km dərinliyində meydana gəlib. Təbii fəlakət Vərziqandan 22 km, Xacədən 25 km və Baxşeyşdən 27 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, 2012-ci ilin avqustunda İranın Şərqi Azərbaycan vilayətinin Əhər, Vərziqan və Heris şəhərlərində 6 və 6.2 bal gücündə olmaqla iki güclü zəlzələ baş verib. Nəticədə rəsmi statistikaya əsasən, 358 nəfər həlak olub, 1380 nəfər yaralanıb, 430 kəndin 40-100%-i dağılıb.