İran təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Sistan və Belucistan əyalətində hərbçiləri və müəllimləri girov götürən və qətlə yetirən terror qruplaşmasını zərərsizləşdirib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə mətbuat-konfransında İran kəşfiyyat məsələləri üzrə naziri Mahmud Alavi bildirib.
Xüsusi əməliyyatda İslam İnqilabı Keşikçiləri Korpusunun birləşmələri, polis və Kəşfiyyat məsələləri üzrə nazirliyin xüsusi təyinatlı dəstələri iştirak edib.
Mahmud Alavinin sözlərinə görə, silahlılar güc strukturlarının nümayəndələrinə qarşı terror aktları həyata keçirib, yolları minalayıblar. O, terrorçularda xeyli sayda müxtəlif silahların aşkarlandığını qeyd edib, onlardan həmçinin 350 kq partladıcı maddə aşkarlanaraq götürülüb.
Qeyd edək ki, Əfqanıstan və Pakistanla həmsərhəd Sistan və Belucistan əyalətində silahlılar mütəmadi olaraq İranın güc strukturlarının nümayəndələrinə hücumlar törədir.