Avstraliyada bir gündə “Qantas” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi məcburi eniş edib.
APA-nın məlumatına görə, bu barədə “The Sydney Morning Herald” xəbər verib.
Məlumata görə, Sidney aeroportundan havaya qalxan, Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri və ABŞ-ın Dallas şəhərinə uçan təyyarələr hava limanına geri dönməyə məcbur olublar. Məlumata görə, CAR-a uçan “Boeing 747”-də pilotların kabinəsində şüşə çatlayıb, ABŞ-a uçan “Airbus А380”-in isə şassisi bağlanmayıb.
Hər iki insident nəticəsində zərərçəkən olmayıb. Sərnişinlər digər təyyarələr ilə Yohannesburq və Dallasa göndəriləcək.