Hər kəsin öz Suriya həqiqəti
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri - Vüqar Zifəroğlu
APA TV-nin "Manşet" proqramında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu Suriyada baş verən son prosslərlə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
Suriyada bu və ya başqa formada iştirakı olan dövlətlər öz maraqlarını güzəştə getmədikcə, böhranın həllindən danışmaq yersiz olacaq. Amerika Suriyada Rusiya ilə nə zaman əməkdaşlıq etdi ki, onu dayandırsın da? Ümumiyyətlə, bu iki ölkənin Suriyada maraqları kəskin şəkildə toqquşur və bu səbəbdən hansısa bir şəkildə onların əməkdaşlıq etdiyini, yaxud da edəcəyini düşünmək sadəlövlük olardı. Əslində, bu ilin fevralında ABŞ və Rusiya arasında atəşkəslə bağlı razılığa gəlinməsinin özü belə daha çox imitasiya xarakteri daşıyırdı.
Suriyada baş verənləri yalnız daxili qarşıdurma kimi səciyyələndirmək mümkün deyil və proseslər çoxdan lokal çərçivədən çıxıb. Suriyada cərəyan edənlər dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır. İstər region ölkələri, məsələn Türkiyə, İran, İsrail, Səudiyə Ərərbistanı və Qətər, istərsə də bölgədə mövqelərini qorumağa çalışan güclər – ABŞ, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Məsələn, İŞİD-dən hər bir dövlət öz maraqları çərçivəsində həmişə istifadə edib.
Suriya probleminin bu gün açılması müşkül olan bir düyünə çevrilməsinə təkan verən ən başlıca səbəb bu ölkələrin orada baş verənlərə öz maraqları çərçivəsindən baxmalarıdır. Bu ölkələrdən hər birinin özünə məxsus “Suriya həqiqətləri” var və bu “həqiqətlər” hər ölkə üçün tamamən fərqli səciyyə və xüsusiyyətlərə malikdir.
Suriyanın əldən çıxması Rusiyanın Yaxın Şərqdə bütün imkanlarını itirməsi demək olardı. Rusiya Suriyada baş verən proseslərdə İranla birgə Bəşər Əsədi müdafiə etdi və onun arxasında durdu. Bu, son dərəcə prinsipial əhəmiyyət daşıyan dəstək idi. Çünki “Ərəb baharı”ndan sonra Rusiya Yaxın Şərqdən müəyyən dərəcədə sıxışdırılıb çıxarıldı. Rusiya mövqelərini itirdiyi üçün Suriyadan möhkəm yapışmağa çalışdı. Suriyanın əldən çıxması Rusiyanın Yaxın Şərqdə bütün imkanlarını itirməsi demək olardı.
Türkiyə Suriyaya girəndən Qərbin bir nömrəli hədəfi Türkiyəni Rakkaya tərəf yönəltmək idi, amma Türkiyə buaddımları atmağa tələsmir, tələskən addım əldə olunmuş mövqelərin itirilməsinə səbəb ola bilər.
Rusiya və Türkiyə indiki məqamda bir-birinə möhtacdır. Türk axını siyasi layihədir və Türkiyə burda əvəzsiz partnyor rolunu oynaya bilər. Türkiyənin başladığı əməliyyat da hər mərhələsi hesablanmış bir əməliyyatdı və Türkiyə faktiki olaraq qarşısına qoyduğu hədəflərə çatıb. Ancaq Türkiyə ilə Rusiya Hələblə və ya Raqqa ilə bağlı ortaq mərkəzə gəlməklərinə indiki məqamda inanmıram. NATO ölkəsi olaraq Türkiyə Rusiya ilə Qərb arasında bir vasitəçi ola bilər.
210