Gürcüstanda keçmiş SSRİ diktatoru İosif Stalinə son zamanlar sevgi artıb. Bu günlərdə onun daha bir büstü bərpa edilərək, ölkənin şərqində, Akura kəndində qoyulub.
Lent.az-ın «Novosti-Qruziya»-ya istinadən məlumatına görə, həmin büst bir neçə il öncə hakimiyyətin göstərişi ilə sökülmüşdü. Ancaq Gürcüstanda yeni qüvvələr hakimiyyətə gəldikdən sonra həmin büstün bərpa edilərək, qoyulmasına icazə verilib.
Bu abidənin alnı və burnu dağıdıldığından yerli sakinlərin öz vəsaitləri hesabına onu bərpa etdiyi iddia edilir.
Bir müddət öncə Stalinin sökülmüş heykəli bərpa edilərək, Zemo Alvani kəndində də qoyulub.
Mixail Saakaşvilinin hakimiyyəti dövründə Stalinin bir neçə yaşayış məntəqəsindən, o cümlədən sovet diktatorunun doğulduğu Qori şəhərindəki meydandan da abidəsi götürülmüşdü.
Yeni hakimiyyətin həmin abidənin də yerinə qaytarılması haqda qərar verəcəyi gözlənilir.
Demontajla bağlı Gürcüstan prezidenti M.Saakaşvili bunları söyləmişdi:«Ölkədə həm işğal muzeyi, həm də bu işğalın təşəbbüskarının heykəlinin eyni zamanda mövcud olması mümkünsüzdür».
Xatırladaq ki, Tiflisdə «sovet işğalı muzeyi» də var.