Ərəb Dövlətləri Liqası İsrail qırıcı təyyarələrinin Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi araşdırma mərkəzinə hücumunu pisləyib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Ərəb Dövlətləri Liqasının rəhbəri Nabil əl-Ərəbi deyib ki, İsrailin hücumunu pisləyirlər, bu, beynəlxalq hüquq və konvensiyaların açıq şəkildə pozularaq suveren ərəb dövlətinə hücumdur.
Nabil əl-Ərəbi beynəlxalq aləmi və ərəb ictimaiyyətini İsrailin hücumlarına son qoymaq üçün hərəkətə keçməyə çağırıb. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin susması İsraili yeni hücum aktlarına həvəsləndirəcək: “İsrail bu cinayət aktına görə tam məsuliyyət daşıyır, bunun ağır nəticələri ola bilər. Suriya öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququna malikdir. Eyni zamanda İsraildən maddi ziyanla bağlı kompensasiya tələb edə bilər”.