Kuba və Mərakeş 37 il əvvəl dondurulmuş diplomatik münasibətləri bərpa ediblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatik münasibətlərin bərpasına dair sazişin imzalanma mərasimi Nyu-Yorkda baş tutub.
Sənədə iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atıb.
Ölkələr arasında diplomatik böhran 1980-cu ildə, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanıyandan sonra baş vermişdi. Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır.