Braziliya parlamentinin aşağı palatası prezident Mişel Temerə qarşı korrupsiya ittihamı irəli sürülməsinin əleyhinə səs verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 159 deputat təşəbbüsün əleyhinə səs verib.
Məhkəmə araşdırmasının davamı üçün 513 deputatdan 342-si təşəbbüsün lehinə səs verməli idi. Parlamentin aşağı palatasındakı səsvermənin nəticələrinə əsasən, M.Temerə qarşı cinayət işi 2018-ci ilədək, onun prezidentlik müddəti bitənədək dayandırılacaq.
Qeyd edək ki, may ayından etibarən Braziliyada etirazçılar prezidentin istefasını tələb edir. Etirazlara səbəb Braziliyanın Ali məhkəməsinə göndərilən səs yazısı olub. Səs yazısında prezident Temer parlamentin aşağı palatasının sabiq spikeri Eduardo Kunyaya rüşvət verməyi təklif edib. İyunun 27-də Braziliyanın baş prokuroru Rodriqu Jano prezident Mişel Temerə qarşı rəsmi korrupsiya ittihamı irəli sürüb. Baş prokuror müvafiq sənədi Braziliya Konqresinin aşağı palatasına təqdim edib. Qanunvericiliyə əsasən, Mişel Temerə qarşı cinayət işinin açılması üçün konqres üzvlərinin ikidə üçü təqdim edilən sənədi dəstəkləməlidir.