İraqın ərazi bütövlüyünün və birliyi və bölünməzliyinin tanınması kürd muxtariyyəti ilə dialoqun başlanması üçün əsas şərtdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İraqın baş naziri Heydər əl Abadi bildiriib.
“Bizim mövqeyimiz aydındır. İstənilən dialoq aşağıdakı prinsiplərlə əsaslanmalıdır – İraqın bölünməzliyi, İraq Konstitusiyasının icrası və referendumun nəticələrindən imtina. Bu mövqenin hər hansı müzakirələrə, təşəbbüslərə və ya vasitəçiliyə ehtiyacı yoxdur”, - deyə Heydər əl Abadi bildiriib.
Baş nazir İraq hökumətinin “Kürdüstan”ı boykot etdiyini, Bağdadla bölgə arasında münasibətlərin davam etdiyini qeyd edib.
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib.