Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov BƏƏ-nin ədliyyə naziri Sultan Bin Səid əl Badi ilə görüşüb.
Lent.az-ın məlumatına görə, görüş zamanı İki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri, bu sahəyə aid hüquq müqavilə bazası müzakirə edilib.
Səfir D.Şikarov Azərbaycanda gedən siyasi və iqtisadi proseslər, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri, Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsində duran məhkəmə sistemi barəsində ədliyyə naziri Sultan Bin Səid əl Badiyə məlumat verib.
Görüşdə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə olunmuş, Azərbaycan-BƏƏ arasında hüquq və məhkəmə sahəsində əməkdaşlıq haqqında sazişin imzalandığı və müvafiq ratifikasiya instrumentinin mübadiləsinə dair protokolun mövcud olduğu vurğulanıb.
Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə naziri Sultan Bin Səid əl Badi iki ölkə arasında mövcud olan əlaqələrdən məmnun olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.
BƏƏ-nin ədliyyə naziri S.Bin Səid əl Badi ölkəsinin Azərbaycan ilə xüsusi münasibətlərdə olduğunu vurğulayaraq, ölkəsində cərəyan edən proseslərdən, BƏƏ-nin ədliyyə sistemi barəsində danışmışdır. Nazir Azərbaycan tərəf müqabilləri ilə ədliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.