Dünyada ərzaq bahalaşır:  Qiymətlər rekord  həddə çatdı
08 avqust 2026 02:37 (UTC +04:00)

Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı

0

İyul ayında qlobal ərzaq qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1% artaraq 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.

Lent.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Əsas ərzaq məhsullarının dünya bazarındakı qiymət dəyişikliklərini əks etdirən indeksin artmasına, əsasən, ekstremal istilər, enerji bazarlarındakı dəyişkənlik və geosiyasi gərginlik səbəb olub.

İyul ayında dünya bazarında ən çox şəkər, taxıl və bitki yağları bahalaşıb. Əvəzində ət və süd məhsullarının qiymətlərində ucuzlaşma qeydə alınıb.

Buğdanın dünya bazarındakı qiyməti Qara dəniz regionundan ixracın çətinləşməsi və əsas istehsalçı ölkələrdə müşahidə olunan isti hava şəraiti səbəbindən 5,8% artıb.

Bitki yağlarının qiyməti İndoneziyada palma yağına tələbatın yüksəlməsi və xam neftin bahalaşması fonunda 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatıb.

Şəkərin qiyməti Avropa İttifaqında quraqlıq və Asiyada El-Ninyo hava hadisəsinin təsiri nəticəsində 5,6% artıb.

Ət məhsullarının qiyməti isə son bir ildə ilk dəfə azalaraq 2,8% enib. Buna Braziliya və Avropa İttifaqından bazara böyük həcmdə məhsul tədarükünün həyata keçirilməsi səbəb göstərilir. Süd məhsullarının qiymətləri isə ümumilikdə 0,7% aşağı düşüb.

FAO qeyd edir ki, dünya bazarında ərzaq qiymətlərində baş verən dəyişikliklər adətən bir neçə ay sonra mağazalardakı qiymətlərə də təsir göstərir. Bunun səbəbi istehsalçıların artan xərcləri sonradan istehlakçıların üzərinə ötürməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar