İqbal Mahmudovun qohumları Ukraynada piket keçirdi
Ukraynanın Donetsk vilayətinin Azərbaycanlıları Konqresi təşkilatının nümayəndələri və mərhum İqbal Mahmudovun ailə üzvləri piket keçiriblər. Lent.az-ın Ukrayna KİV-ə istinadən verdiyi məlumat görə, Donetsk şəhəri Makeyevka rayonunun məhkəməsi qarşısında təşkil olunan piketə 30-dək insan qatılıb.
Onlar Mahmudovun qətlinin sifarişçisinin məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Xatırladaq ki, 35 yaşlı biznesmeni mayın 9-da Makeyevkadakı “Kaspi” kafesi qarşısında öldürüblər. Mahmudov kafeyə veteranlar üçün təşkil etdiyi xeyriyyə naharına gələrkən, güllələnib.
İstintaq qətlin təşkilatçısı və 3 icraçısını müəyyənləşdirə bilib. Məlum olub ki, Mahmudovun qətlinin sifarişçisi Zahid Əhmədov olub. O, başqa bir həmyerlisi, Cavid Ağalarovu Azərbaycandan xüsusi olaraq Donetskə gətirib və Mahmudovu da o qətlə yetirib. Bundan sonra Denis Denisenko adlı Ukrayna vətəndaşı qatili gizlədib, başqa bir Denis, Denis Qritsay isə Ağalarovun hadisə yerinə gəldiyi motosikleti idarə edib.
Cinayət materiallarından məlum olur ki, hadisə Mahmudovun aktiv vətəndaş və siyasi mövqeyinin bir çoxlarının xoşuna gəlməməsi səbəbindən törədilib. Mahmudov Azərbaycanın Ukraynadakı səfirinin məsləhətçisi olub. Yerli prokurorluğun rəsmisi Yuliya Kurilenko bildirib ki, qətlin əsas motivi ictimai fəaliyyətdir. Lakin mərhumun qohumları əmindirlər ki, qətl sifarişli olub və təşkilatçı hələ də azadlıqdadır. Aksiya iştirakçıları sifarişçinin müəyyənləşdirilərək cəzalandırılmasını tələb ediblər.
İqbal Mahmudovun qardaşı İlqar Mahmudov bildirib ki, təşkilatçı kimi göstərilən Zahid Əhmədovu yaxşı tanıyır: “Əhmədov sifarişçi ola bilməz. O, qardaşımı böyük insan adlandırırdı, heç bir konfliktləri yox idi. Sadəcə, pulunu alıb və qətli törədib. Qoy, Zahid kimdən 1 milyon pul aldığını desin”.
Mərhumun daha bir qardaşı Azər Mahmudovun həyat yoldaşı Taisiya Mahmudova isə yanvarın 11-ə təyin olunmuş məhkəmənin təxirə salınmasına qarşı çıxıb. Təxirəsalmaya səbəb kimi ittiham olunan əsas şəxslərin gözlənilmədən xəstələnməsi göstərilib. Mahmudovanın fikrincə, bu, inandırıcı səbəb deyil: “Prosesi qəsdən uzadırlar ki, məhkəməyə gələn insanların sayı azalsın və rezonans yatsın. Biz bilirik ki, əsl sifarişçilər həbsdəkilərə susacaqları təqdirdə onlara yüngül cəza vəd ediblər. Zahid ailəsini dolandıra bilmirdi, bazardakı işini də itirmişdi. Onun üçün hansı pulla silah, motosikl alınıb? Hazırda onun kamerasında 4 mobil telefon və içərisi dolu soyuducu var. Hər gün Azərbaycana zəng edir. Müttəhimlərdən üçünün vəkili eyni kontordandır. Onları kim təmin edir?”
Zərərçəkənlərin vəkili Aleksey Kovalenko isə bildirib ki, ona üstüörtülü hədələrlə müraciət edirlər. Onun fikrincə, bir çox tanınmış şəxs, qətlin sifarişçilərin müəyyən edilməsində maraqlı deyil.
Qeyd edək ki, İqbal Mahmudov kolbasa məmulatları istehsal edən zavodun, bir neçə restoranın və ticarət obyektlərinin sahibi olub. Özü subay imiş. Donetskdə isə anası, iki qardaşı və bacısı qalıb. Daha 3 qardaşı isə Azərbaycanda yaşayır.