Ankarada ötən ilin dekabrın 19-da qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun anım tədbiri keçirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mərasimdə Rusiya səfirliyinin əməkdaşları, Türkiyə hökumətinin, diplomatik korpusun, iki ölkə ictimaiyyətinin nümayəndələri iştirak edib.
İki ölkənin dövlət himni ifa edilib, diplomatın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Andrey Karlovun büstü qarşısına gül dəstələri və çələngləri düzüblər, mərhumun iki ölkə münasibətlərinin inkişaf etdirilməsində böyük tövhə verdiyini qeyd ediblər.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada polis əməkdaşı Mövlud Altıntaş tərəfindən qətlə yetirilib. Qatil polis tərəfindən məhv edilib. Andrey Karlov ölümündən sonra Rusiyanın Milli Qəhrəmanı adına layiq görülüb.