Bu gün ABŞ Senatı Çak Heygelin müdafiə naziri postuna təyinatı məsələsini müzakirə edəcək.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, səsvermənin fevralın 14-də təşkil edilməsi planlaşdırılsa da, həmin vaxt respublikaçı senatorlar bu səsvermənin qarşısını alıblar.
Prezident Barak Obama demokrat olsa da, bu il yanvarın 7-də müdafiə naziri postuna namizədliyini irəli sürdüyü Çak Heygel respublikaçıdır. Senatın Silahlı Qüvvələr üzrə Komitəsi onun namizədliyini bəyənib. Ancaq yanvarın sonunda keçirilən səsvermə zamanı Senatda senatorların İran və İsraillə bağlı suallarını cavablandıran Çak Heygelin cavabları respublikaçı senatorları narazı saldığı üçün onun namizədliyinin təsdiqlənməsi mümkün olmayıb. Respublikaçı senatorlar partiyadaşları Çak Heygelin İran və İsrailə münasibətindən narazıdırlar. Çak Heygel İranla dialoqun tərəfdarıdır, ancaq Pentaqonun İsrailə sıx əməkdaşlığına qarşı çıxır. Bu isə ABŞ-dakı yəhudi lobbisini narazı salır. Buna baxmayaraq, bu gün AŞ Senatının Barak Obamanın Çak Heygeli müdafiə naziri təyin etməsini təsdiqləyəcəyi gözlənilir.
Xatırladaq ki, Çak Heygel 1946-cı il oktyabrın 4-də Nebraska ştatının Nort-Platt şəhərində anadan olub. O, Vyetnam müharibəsində iştirak edib. İki dəfə “Al-qırmızı ürək” ordeni ilə təltif edilib. Bu orden döyüşdə yaralananlara verilir. Çak Heygel 1984-cü ildə “Vanguard” mobil şəbəkə operatorunu yaradıb və milyonerə çevrilib. 1997-2009-cu illərdə Nebraska ştatından senator seçilib və respublikaçılar 25 ildən sonra ilk dəfə bu ştatda səsvermədə qalib gəliblər. Çak Heygel 2008-ci ildə ABŞ dövlət katibi postu uğrunda mübarizə aparsa da, bu post uğrunda mübarizədə Hillari Klintona uduzub.