ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizəyə yönələcək Rusiya-Türkiyə əməkdaşlığını alqışlayacaq.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo Türkiyənin İŞİD-lə mübarizədə Rusiya və Suriya ilə əməkdaşlıq etməyə hazır olmasına dair məlumata şərh verərkən bildirib.
“İŞİD-lə mübarizə bizim ümumi məqsədimizdir. Əgər əməkdaşlıq bu istiqamətdədirsə biz, sözsüz ki, onu alqışlayacağıq”, - deyə Trüdo bildirib.
Bununla belə, Trüdo Türkiyənin Rusiya ilə əməkdaşlıq ideyasını ABŞ-la müzakirə edib-etməməsinə dair suala təfərrüatlı cavab verməyib. Trüdo NATO çərçivəsində və İŞİD-lə mübarizədə ABŞ və Türkiyə arasında sıx əməkdaşlığın olduğunu qeyd edib: “Bizim aramızda dərin, güclü və möhkəm əməkdaşlıq mövcuddur”.