Ağ Ev ABŞ-ın Əfqanıstandakı fəaliyyətinin böyük hissəsinin özəl podratçı şirkətlərə verilməsini təklif edən planı nəzərdən keçirir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “USA Today” nəşrinə “Blackwater” özəl hərbi şirkətin sahibi Erik Prins bildirib.
ABŞ-ın hazırkı administrasiyası bir neçə aydır ki ABŞ-ın Əfqanıstanda yeni strategiyası üzərində çalışır. Mənbələrin sözlərinə görə, prezident Donald Tramp ABŞ-ın Əfqanıstanda “məğlub olmasından” narazıdır və Amerika ordusunun bu ölkədəki komandanı general Con Nikolsonu istefaya göndərməyi tələb edir. ABŞ lideri həmçinin ölkənin NATO üzrə müttəfiqlərindən də şikayətlənib.
Məlumata görə, Erik Prinsin təqdim etdiyi plana görə, əsasən, keçmiş xüsusi təyinatlılardan ibarət 5500-dək özəl podratçı bütün ölkə ərazisində Əfqanıstan ordusunu təlimatlandıracaq. Plan həmçinin 90 təyyarədən ibarət özəl hərbi hava limanı da yaratmağı təklif edir. Hava donanmasının tibbi təxliyə, döyüş əməliyyatları və yaralıların daşınmasında istifadə ediləcəyi bildirilir.
Prinsin sözlərinə görə, Əfqanıstan ordusunu tamamlayacaq podratçılar əfqan hərbi geyimdə olacaqlar. Pilotlar isə bütün əməliyyatları yerli hakimiyyət qurumları ilə razılaşdıracaqlar.
O qeyd edib ki, planın icrasına ildə 10 mlrd. sollar tələb olunduğu halda, Pentaqon ildə Əfqanıstana 40 mlrd. dollaradək büdcə vəsaiti xərcləyir.