Rusiyanın Nyu-Yorkda yaşayan 40-a yaxın diplomatı və onların xanımları dələduzluqda ittiham olunur.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar əhalinin az təminatlı təbəqəsinin səhiyyə sahəsində dövlət proqramından 1,5 milyon dolları dələduzluqla «mənimsəməkdə» suçlanır.
Nyu-York prokurorluğu bildirib ki, onlar davamlı olaraq, «hamiləlik», «körpəyə baxmaq» adı altında saxta müraciətlərlə tibbi yardım alıb.
Amerikalı prokuror qeyd edib ki, diplomatlar ərizələrində öz gəlirlərini qərəzli olaraq az göstərib və bu yolla «Medikeyd»dən (ABŞ-ın az gəlirli insanlara dövlət tibbi yardımı proqramı) vəsait alıblar.
Prokurorluğun təmsilçisi Culi Bolsterin sözlərinə görə, bu iş üzrə «49 nəfərin adı hallanır».