Türkiyənin Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağ barəsində həbs-qətimkan tədbiri seçilib. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, ötən gecə saxlanılaraq polis idarəsinə aparılan hər iki deputatın həbs edilməsi barədə prokurorluq məhkəməyə vəsatət vermişdi.
Məhkəmə hər iki vəsatəti təmin edib və həmsədrlər barədə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb. Partiyanın ötən gecə saxlanılan digər bir deputatı Sırrı Süreyya Öndər isə polis nəzarətində olmaq şərtilə sərbəst buraxılıb. Ona həmçinin ölkədən çıxış qadağası qoyulub.
Qeyd edək ki, hər iki deputat terror təşkilatı PKK-nın təbliğatını aparmaqda ittiham edilir.
**
16:50
Türkiyədə haqqında həbs-qətimkan tədbiri seçilən HDP-çi deputatların sayı 3-ə çatıb. Lent.az-ın məlumatına görə, İdris Balukənin ardından məhkəmə Nursəl Aydoğan və Leyla Birlik haqqında da həbs qərarı çıxarıb.
**
15:34
Xalqların Demokratik Partiyasının parlamentdəki qrup rəhbəri İdris Balükən barəsində məhkəmə həbs-qətimkan tədbiri seçib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gecə saxalanılan deputat barədə həbs qərarı çıxarılıb. Prokurorluq partiyanın həmsədrləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağın da həbs edilməsi barədə məhkəməyə vəsatət verib.
**
04:14
Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ saxlanılıblar. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, S.Dəmirtaş polis əməkdaşları tərəfindən Diyarbəkirdəki evində, F.Yüksəkdağ isə Ankaradakı evində saxlanılıb.
Məlumata görə, F.Yüksəkdağ Yüksekova rayonu Terrorçuluqla Mübarizə İdarəsinə aparılıb.
Həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.
S.Dəmirtaş və F.Yüksəkdağ iyunda ifadələri alınması üçün Ankara Cümhuriyyət Baş Prokurorluğunun çağırışına məhəl qoymayıblar.
S.Dəmirtaş və F.Yüksəkdağdan başqa, Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.
Həbslər Ankara, Diyarbəkir, Mardin və digər şəhərlərdə keçirilib.
DHP PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir