Bu gün Tiflisdə axşam radələrində "Milli Hərəkat" partiyasının liderlərindən biri olan Givi Tarqamadzenin avtomobilində partlayış baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə ilə bağlı Givi Tarqamadze “Rustavi 2” televiziyasına açıqlama verib. O, avtomobilinin məsafədən idarə olunan qurğu vasitəsi ilə partladıldığını bildirib. Hadisə nəticəsində avtomobilin sürücüsü və iki nəfər xəsarət alıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.
"Mənim avtomobilim qaz ilə işləyir, məlumat yayılıb ki, guya avtomobildə qaz balonu partlayıb. Bu, həqiqət deyil. Avtomobilim uzaqdan idarə edilən partlayıcı qurğu ilə partladılıb”, - deyə Tarqamadze bildirib.
G. Tarqamadze son günlər ona qarşı telefon zəngləri ilə təhdidlər olubmu sualını cavablandırmaq istəməyib.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.