Meksikanın Miçoakan ştatındakı Alvaro-Obreqon şəhərinin meri 10 nəfərin qətlinin təşkilində şübhəli bilinərək saxlanılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın baş prokurorluğunun məlumatında bildirilir.
İstintaqın versiyasına əsasən, mer Xuan Karlos Arreyqe iyulun 29-da yerli polisə ədavəti olduğu bir qrup şəxsi saxlayaraq qətlə yetirməyi əmr edib. Polislər həmin şəxsləri saxlayaraq Kuitseo yaşayış məntəqəsi yaxınlığına apararaq güllələyiblər. Öldürülən şəxslərin meyitləri daha sonra yandırılıb.
Merlə birlikdə yerli polis idarəsinin rəisi və onun müavini saxlanılıb. İstintaq Arreqyenin öldürülən şəxslərin üzvü olduğu cinayətkar qruplaşma ilə əlaqəli olduğunu hesab edir. Qətl əmrinin verilməsinə səbəb cinayətkar qrupun daxilində ixtilafın yaranması olub.