Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda məsciddən ayaqqabı oğurlamaqda şübhəli bilinən şəxs imamların birgə izləməsi nəticəsində saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də səhər namazı zamanı baş verib.
Əlində çamadanla məscidə daxil olan şəxs imam və camaat namaz qılarkən imamın ayaqqabısını götürərək ərazidən uzaqlaşıb. Namazdan sonra ayaqqabısının yerində olmadığını görən imam təhlükəsizlik kameralarının görüntülərinə baxıb və oğurluq anını müəyyənləşdirib.
İmam hadisə barədə rayondakı digər məscidlərin imamlarına məlumat verib. Şübhəli şəxs əlində çamadanla başqa məscidlərin yaxınlığında görünəndə imamlar onu izləməyə başlayaraq polisə xəbər veriblər.
Əraziyə gələn polis əməkdaşları şübhəlini saxlayıblar. Onun daha əvvəl də müxtəlif məscidlərdən ayaqqabı oğurladığı və onları ikinci əl bazarında satdığı iddia olunur.
Faktla bağlı araşdırma aparılır.