Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.
“İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 59-a yüksəlib. Ölənlər arasında azyaşlı da var. 8 aylıq Leyla Ənvər Qəndur Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişib”, məlumatda deyilir.
İsrail müdafiə ordusunun məlumatına görə, ötən gün Qəzza zolağında keçirilən etiraz aksiyalarında 35 min nəfər iştirak edib.
***
Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 55 nəfərə çatıb, 2771 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.
“İsrail təcavüzünün bugünkü nəticələri belədir – 7-si uşaq və 1-i qadın olmaqla 55 nəfər həyatını itirib, 79-u qadın olmaqla 2 771 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə nazirlik rəsmisi qeyd edib.
Onun sözlərinə görə, martın 30-dan etibarən Qəzza zolağında 104 fələstinli ölüb, 12 mindən çoxu yaralanıb.
***
Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 43-ə yüksəlib.
APA-nın məlumatına görə, 1500 fələstinlinin isə İsrail polisinin açdığı atəş nəticəsində yaralandığı bildirilir.
Toqquşmalar davam edir.
*****
16:33
Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 28-ə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. Yaralıların sayı 900-dən çoxdur. Ölənlər arasında uşaq da var.
Bu gün ABŞ-ın Qüds-Yerusəlim şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.
İsrail ordusu sərhəd xəttinə 2 əlavə piyada briqadası göndərib. Daha bir briqada İordan çayının qərb sahilinə yeridilib.