Ankara Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparmayıb və aparmayacaq.
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib.
Bundan əvvəl KİV-lər Türkiyə diplomatlarının Suriya hakimiyyəti ilə danışıqlar üçün yaxın zamanda Dəməşqə səfər edəcəyi barədə məlumat yayıblar.
“Türkiyə onunla (Əsədlə-red.) pərdəarxası diplomatik danışıqlar aparmayıb və aparmayacaq. Bu mövzuya dair xarici KİV-lərin yaydığı məlumatlar əsassızdır. Öz xalqını məhv edən, əhaliyə qarşı aviasiya və kimyəvi silahdan istifadə edən, tamamilə qeyri legitim hökumətin rəhbərliyində olan şəxslə hər-hansı təmaslar mümkünsüzdür”, - deyə Çelik qeyd edib.
Nazirin sözlərinə görə, Türkiyə Azad Suriya Ordusu daxil olmaqla Suriyadakı legitim müxalif qruplaşmaları dəstəkləyir: “Onları tək Türkiyə yox, Ankaranın bir çox müttəfiqləri dəstəkləyir. Bu məsələ ilə mövqeyimiz birmənalıdır. Türkiyə Suriyada xalqın iradəsini əks etdirəcək siyasi sistemin yaradılmasına çalışır. Suriyaya siyasi keçid prosesi gərəkdir”, - deyə Çelik əlavə edib.