Qabonun paytaxtı Librevil şəhərində bıçaqla silahlanmış şəxs “National Geographic” jurnalının əməkdaşlarına hücum edib, nəticədə iki müxbir bıçaq xəsarətləri alıb.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, insident populyar turizm məkanında baş verib. Hücum edən 53 yaşlı Niger vətəndaşı saxlanılıb.
Qabonda 19 ildir məskunlaşan saxlanılan şəxs hücumu “ABŞ-ın Yerusəlimi İsrailin paytaxtı elan etdiyinə görə” törətdiyini etiraf edib.
Məlumata görə, xəsarət alan müxbirlərdən birinin vəziyyəti ağırdır. Onların Danimarka vətəndaşı olduğu bildirilir.
Araşdırma davam etdirilir.