Şirkət ABŞ-da üzləşəcəyi qadağalardan çıxış yolları axtarır
“Coca-Cola” şirkəti şişmanlıqdan əziyyət çəkən insanlar üçün yeni məhsul üzərində işləyir.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, şirkət yeni məhsulun tərkibində yüksək dərəcədə şəkər olmayacağını bəyan edib.
Qeyd edək ki, bu mart ayından başlayaraq ABŞ-ın Nyu-York şəhərində restoranlarla, kino salonlarında və küçələrdə səyyar avtomobillərdə şəkərli və qazlı içkilərin satışına qadağa qoyulacaq. Başqa sözlə sakinlərinin yarısı şişman olan, artıq çəkidən əziyyət çəkən Nyu-Yorkda şəkərli və qazlı içkilərə qarşı savaş açılıb. Nyu-York Bələdiyyəsinin sədri Mixael Bloomberg şişmanlıq probleminin aradan qaldırılması üçün önəmli bir qərar verib. Keçən ilin mayın ayında bununla bağlı Səhiyyə məsələləri üzrə müavini Linda Gibbslə kameralar qarşısına çıxan Mixael Bloomberg stolun üzərinə “Coca-Cola” və “Pepsi-Cola” butulkalarını düzüb. Bu içkilərin şişmanlığa yol açan əsas səbəblərdən biri olduğunu vurğulayan Mixael Bloomberg artıq Nyu-Yorkun şişmanlıq probleminin aradan qaldırılması üçün hərəkətə keçəcəyini vurğulayıb. O, şəhər sakinlərinin də bələdiyyə sədrindən bu addımı gözlədiyini bildirib. Qadağanın ilkin mərhələsində restoran, kino salonları və səyyar satıcılar tərəfindən çəkisi 47 millilitrdən artıq olan içkilər satılmayacaq. Mixael Bloomberg gələcəkdə bu sahədə qadağaların daha da genişlənəcəyini söyləyib.
ABŞ mətbuatının yazdığına görə, keçən ilin fevralında “Coca-Cola” və “Pepsi-Cola” məhsullarında xərçəng yaradan maddənin aşkarlanmasının da Nyu-York bələdiyyə sədrinin “Coca-Cola” və “Pepsi-Cola” məhsulları ilə bağlı qərarının qətiləşməsində xüsusi rol oynadığı istisna edilmir. Xatırladaq ki, ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı “4-metilimidazol” maddəsinin siçanlarda xərçəngə yol açdığı bəlli olub. “4-metilimidazol” (4-MEI) maddəsi “E150 D” qida əlavəsinin tərkibində yer alır. Bu qida əlavəsi də Ümumdünya Səhiyyə Təşkilatının siyahısında, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyində istifadə zamanı insan orqanizminə zərərli təsir göstərməyən qida əlavələri sırasındadır. Ancaq məhz bu sınağın nəticələri məlum olandan sonra bu ilin fevral ayında Kaliforniya ştatının parlamenti bu maddəni xərçəngə yol açan maddələr siyahısına salıb. Qəbul edilən qanuna görə, içərisində bu maddə olan içkilərin üzərinə mütləq “Diqqət, xərçəng yarada bilər!” xəbərdarlığı yazılmalıdır. Bu da bütün diqqəti qazlı içki məhsulları sahəsində dünyanın iki ən böyük firması olan “Coca-Cola” və “Pepsi”-nin məhsullarına yönəldib. Çünki bu şirkətlər tərkibində “4-metilimidazol” (4-MEI) maddəsi olan “E150 D” qida əlavəsindən, yəni şəkər çalarından gen-bol istifadə edirlər. İçkilərə rəngi bu qida əlavəsi verir....
Ekspertlər hesab edirlər ki, “Coca-Cola” məhsulunun tərkibini dəyişəcəyini bəyan etməklə əslində ABŞ-da üzləşəcəyi qadağaları önləməyə çalışır.