ABŞ Milli Coğrafiya İnstitutunun hər il keçirilən foto müsabiqəsinə bu dəfə 150 ölkədən 22 min peşəkar fotoqraf öz işlərini təqdim edib.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, fotolar İnsan, Yer və Təbiət kateqoriyalarında təqdim olunub.
Müsabiqədə əsas mükafata Tailanddakı “Khao” zooparkında çırpınaraq üzərindəki suyu ətrafa səpələyən pələng şəkli layiq görülüb. “Partlayış” adlı fotoşəkil Ashley Vincent tərəfindən çəkilib. Matterhorn zirvəsinin Ay işığında çəkilmiş fotoşəkilinə görə Yer kateqoriyasında müsabiqənin qalibi Nenad Saliic, “Zibil eşələyən qadınlar” fotoşəkilinə görə İnsan kateqoriyasının qalibi fotoqraf Micah Albert olub.
Qaliblərin seçilməsində müsabiqənin Münsiflər Heyəti ilə bərabər izləyicilər də iştirak ediblər. Yer kateqoriyasında izləyicilərin rəğbətini Adam Coish tərəfindən çəkilmiş “Aysberq axtaranlar” fotoşəkili qazanıb. Adam Coish deyib ki, aysberqdən buz parçasının qoparılıb götürülməsi İnuit icması üçün su tədarükünün ənənəvi üsuludur. Fotoşəkildəki aysberq də məhz bu axtarışlar zamanı tapılıb.
Kai-Otto Melaunun müəllifi olduğu, Cənub qütbünə ekspedisiya ilə bağlı “Amundsen ekspedisiyası” fotoşəkili İnsan bölümündə izləyicilərin bəyəndiyi fotoşəkil olub. İzləyicilər Təbiət bölümündə Sanieev Bhor tərəfindən çəkilmiş “Nəvaziş məqamı” fotoşəkilini seçiblər. Sanieev Bhorun ana bəbirin balasına nəvaziş göstərdiyi məqamı ölümsüzləşdirib.
Müsabiqələr bir sıra fotoşəkillər fəxri mükafatlara layiq görülüblər. Fotoqraf Mihael Eastman qeyri-adi eşitmə qabiliyyəti olan qırmızı tülkünü 60-70 santimetr qalınlığı olan qar örtüyü arasında siçanı ovlayarkən çəkib. Fotoşəkil tülkünün özünü qara tullayaraq şaquli vəziyyətdə burnu ilə qar örtüyünü keçirək siçanı tutduğu anda çəkilib. Çində ənənəvi “Əjdaha qayıq” yarışmasını əks etdirən fotoşəkil də fəxri mükafata layiq görülüb. “İslandiyanın Şərqi” fotoşəkilində ölkənin şərq sahilinə gətirilmiq aysberq buzu əksini tapıb. Fəxri mükafata layiq görülən bu fotoşəkilin müəllifi Eric Guthdur.
Fəxri mükafata layiq görülən fotoşəkillərin birində kasıb görünüşlü səhiyyə müəssisəsi olan, 250 xəstə üçün nəzərdə tutulmuş Galuh Reabilitasiya Mərkəzi əsasən polis tərəfindən küçələrdən tutulmuş evsiz insanlar üçündür. Burada ipə-sapa yatmayan xəstələr zəncirlə buxovlanırlar. Bu məqamlardan biri Vendel Filips fotoaparatının obyektivinə tuş gəlib. Franssisca Harlijantonun “Yaradıcılığa lap yaxından baxış” fotoşəkili də fəxri mükafata layiq görülənlər sırasındadır. Ov axtarışında olan vəhşi Alyaska ayısının torpaqda eşələnərkən Jason Shing tərəfindən məsafədən idarə edilən rəqəmsal fotokamera ilə çəkilmiş fotoşəkili də bəyənilib.
Balıqçıların ağac ayaqlıq taxaraq dənizdə balıq ovlamasına yalnız Şri-Lankada rast gəlinir. Ulriş Lambertin bununla bağlı fotoşəkili də fəxri mükafat alıb.