İtaliyanın Siciliya adasının Gangi qəsəbəsində 20 ev 1 avroya satışa çıxarılıb. Lent.az-ın analitik.az-a istinadən məlumatına görə, buna səbəb qəsəbə sakinlərinin sayının azalmasına görə evlərin boşalmasıdır. Qəsəbəni tərk edib və ya sahibi vəfat edən evlərdən ilkin olaraq yalnız 20-si satışa çıxarılıb.
Qəsəbə bələdiyyəsindən bildiriblər ki, evi 1 avroya alan şəxslər bu mənzilləri təmir etdirməyə söz verməlidir. Digər şərt isə evi alan şəxslərin 5 il həmin evdə yaşamalarının vacibliyidir. Məhz bundan sonra ev yeni sahibinin adına sənədləşdiriləcək. Kənd sakinləri isə deyir ki, evlər simvolik qiymətə satılsa da, onların çoxunun təmirinə ən azı 35 min avro xərcləmək lazımdır. Bundan başqa əmlak vergisi üçün 6 min avro ödənilməlidir.
Ev alqı-satqısı ilə məşğul olanlar deyir ki, hazırda 1 avroluq evlərə ABŞ və Rusiya sakinləri böyük maraq göstərirlər. Çünki bu qəsəbə Siciliya adasının 1 kilometrliyində, çox gözəl mənzərəsi olan ərazidə yerləşir.