İranda 11 yaşlı qızı qaçıraraq öldürən 3 şəxs edam edilib.
APA-nın xəbərinə görə, bu barədə Təbriz şəhər Polisinin rəhbəri Xəlil İlahinin Şərqi Azərbaycan Vilayət Məhkəməsinin internet səhifəsində məlumat verilib.
O bildirib ki, məhkumlar bir neçə il əvvəl varlı bir şəxsin 11 yaşlı qızını saxta dövlət nömrə nişanlı 2 avtomobillə qaçırıblar: “Daha sonra qızın atasına zəng edərək 48 saat içərisində 1,4 milyon avro verməsini tələb ediblər. Lakin hüquq-mühafizə orqanları tərəfindən tutulacaqlarını görən cinayətkarlar qızı öldürüb, onlardan birinin bağında basdırıblar. Onlar cinayətlərini etiraf ediblər”.
Xatırladaq ki, “Amnesty International” İranın dünyada ölüm hökmü həyata keçirən 5 ölkədən biri olduğunu açıqlayıb. Məlumata əsasən, 2013-cü ildə bu ölkədə 369 nəfər edam edilib.