Şərqi Aralıq dənizinin ən mühüm və böyük limanlarından biri olan Soli Pompeiopolisin ərazisində arxeoloji qazıntı işləri aparılır. Qazıntı işlərinin təxminən 2 ay çəkəcəyi gözlənilir.
Lent.az Azərtaca istinadla xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi təşəbbüsü ilə aparılan arxeoloji qazıntı işlərinə Türkiyənin Dokuz Eylül Universitetinin ədəbiyyat fakültəsi muzeyşünaslıq kafedrasının müdiri Prof. Dr. Remzi Yağcı rəhbərlik edir.
Qeyd edək ki, qədim Soli Pompeiopolis limanı Türkiyənin Mersin şəhərində yerləşir. Arxeoloji tədqiqatların təxminən iki ay çəkəcəyi gözlənilir.
Şərqi Aralıq dənizinin ən böyük limanlarından biri olan Soli Pompeiopolis böyük Pompey tərəfindən qurulan şəhərin limanıdır. Soli Pompeiopolis vaxtilə böyük bir şəhər idi və limanı çox əhəmiyyətli idi. Roma İmperiyası dövründən qalan limanın ümumi görünən uzunluğu 320 metrdir.
Soli Pompeiopolis limanı təxminən iki min il əvvəl tam fəaliyyət göstərib. Ərazi qumla dolduğu üçün hazırda limanın demək olar ki, dörddə üçü qumla örtülüb.
Tarixi mənbələrə görə, Soli Pompeiopolis rodosluların qurduğu liman şəhəri olub. Soli də digər Anadolu şəhərləri kimi öz pulunu çap etmək səlahiyyətinə malik muxtar bir şəhər olsa da, sonradan farsların hakimiyyəti altına keçib. Makedoniyalı İskəndər eramızdan əvvəl 333-cü ildə farsları məğlub etdikdən sonra bölgə imperatorluğa birləşdirilib.