Yer kürəsinin yaşıllıq sahəsi insan tərəfindən atmosferə ifraz edilən qazıntı yanacaq emissiyalarının 1/4 və ya daha çox hissəsini udur. Lakin biz, iqlim dəyişikliyini yubatmasaq, 20-30 ildən sonra dünya meşələrinin yarısı karbonun (CO2) maksimal udulması mərhələsinə çatacaq.
Lent.az “texnote”a istinadən xəbər verir ki, Şimali Arizona Universitetindən əməkdaşı Katarin Daffinin fikrincə, qlobal istiləşmə nəticəsində bitkilər özlərinin normal funksionallıqlarını itirməyə başlayırlar:
“Əgər yer kürəsinin temperaturunun artması davam edərsə, CO2-nin udulmasında iştirak edən bir çox bitkilər CO2-nin udulmasında daha iştirak etməyəcəklər və atmosferə oksigen ifraz etmək əvəzinə məhz CO2-ni ifraz etməyə başlayacaqlar”.
Daffinin rəhbərliyi altında alimlərdən ibarət qrup planetin əsas hissələrində yerləşən qüllələrin son 20 il ərzində CO2 səviyyəsi barəsində yığdıqları məlumatları analiz edib. Nəticədə onlar aşkar ediblər ki, planetin bir çox meşələrində fotosintez prosesi 18 dərəcə temperaturda maksimal effektə çatır və daha sonra aşağı düşməyə başlayır. Bununla belə bitkilər parnik qazlarını daha az udurlar və onları daha tez ifraz edirlər. Əgər temperatur daha da artsa, meşələr əsl CO2 mənbələrinə çevriləcəklər.
Qazıntı yanacaq emissiyalarının atmosferə mövcud ifraz edilməsi tempi bu yüzilliyin ortasına kimi qalsa, planetin biosferinin yarısı məhsuldarlıq sərhədini keçə bilər. Amazon meşəlikləri bu cür zərbəni əldə edəcək ilk meşələrdən olacaq.
Tədqiqatın müəllifləri əmindirlər ki, temperaturun 18 dərəcədən yuxarı yüksəlməsi potensial olaraq torpaq üzərində yerləşən karbon udan bitkilərə məhvedici effekt göstərəcək. Əgər biz, istiliyin artımını Paris iqlim sazişinin təyin etdiyi temperatur göstəricisindən aşağı sala bilməsək, meşələr CO2 emissiyalarının udulmasını dayandıracaqlar və bu öz növbəsində dünya energetikası ilə istehsalat sahələrinin yenidən qurulmasında böyük problemlərə səbəb olacaq.
Qeyd edək ki, Yer kürəsində CO2-ni udub oksigen ifraz edən 3 trilyona yaxın ağac və müxtəlif bitki var. Fotosintez prosesi zamanı onlar CO2-ni su və işıq ilə birləşdirərək karbohidratlar əldə edirlər. Həmin karbohidratlar isə bitkilərin böyüməsində iştirak edir.
Okeanlar, dəniz yosunları və bitkilər insanlar tərəfindən atmosferə ifraz edilən CO2-nin təqribi olaraq yarısını udur. Atmosferdə CO2 səviyyəsinin yüksəlməsi öz növbəsində bitkilərdə fotosintezin aktivləşməsinə gətirib çıxardır. Bu proses insanları iqlim krizisinin nəticələrindən qoruyurdu. Lakin alimlərin fikirlərinə əsasən, müəyyən temperatura çatandan sonra bu proses artıq işə düşməyəcək.