Şimali Koreya ötən gecə Yapon dənizi (Şərq dənizi) istiqamətində iki ballistik raket atıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın müdafiə naziri Hamada Yasukazu Şimali Koreyanın qərb sahilindən Yapon dənizi istiqamətində atdığı raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü deyib.
Nazir maksimum 50 kilometr yüksəkliyə çatan iki ballistik raketin normal orbitdə təxminən 300 kilometr məsafə qət etdiyini bildirib.
“Şimali Koreya heç bir səbəb olmadan təxribatları artırır. Bu raket sınaqları silsiləli şəkildə Yaponiyanın, eyni zamanda regionun sülh və təhlükəsizliyini təhdid edir”. – deyə o, əlavə edib.
Bildirilib ki, raketlərin düşdüyü bölgədə hər hansı dağıntı qeydə alınmayıb. Yaponiya hökuməti Pekin səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz notası verib.
ABŞ-ın Hind-Sakit Okean Qüvvələri (INDOPACOM) sözügedən raket sınaqlarının ABŞ və müttəfiqlərinin ərazisi üçün təhlükə yaratmadığını açıqlayıb.
Ötən həftə və ötən gün raket sınaqları keçirən Pxenyan administrasiyasının son sınağının ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Cənubi Koreyaya səfəri ilə eyni vaxta təsadüf etməsi diqqət çəkib.
Qeyd edək ki, ABŞ, Cənubi Koreya və Yaponiyanın sualtı qayıqlara qarşı birgə təlim keçirəcəyi gözlənilir.
Lətif İsmayılov