Bu gün səhər Rusiyanın İrkutsk vilayət məhkəməsində bəşər tarixinin ən dəhşətli manyaklarından birinin məhkəməsi başlayıb.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, müttəhimlər kürsüsündə “anqarsk manyakı” kimi tanınan keçmiş milis Mixail Popkov əyləşib.
Məlumata görə, Popkov indiyədək 84 qadını öldürməkdə təqsirli bilinir. Amma qeyri-rəsmi məlumata görə, onun qurbanlarının sayı 100-dən çoxdur. Manyak öz qurbanlarını amansızcasına öldürməklə yanaşı, onları həm də zorlayıb. Buna görə də onun barəsində ikiqat ömürlük cəzası kəsilib.
İlkin məlumata görə, bugünkü məhkəmədə o, istintaqa məlum olmayan yeni qurbanlarıyla bağlı etiraflar edəcək.
Xatırladaq ki, Mixail Popkov cinayətlərini Rusiyanın İrkutsk vilayəti, Buryatiya Respublikasında, Çita vilayətində və Primyore diyarında törədib. Popkov zamanında İrkutsk vilayətinin Anqarsk şəhərində milis işləyib. Sonra maşın alış-verişi ilə məşğul olub.