Əhməd Məsud
23 avqust 2021 17:36 (UTC +04:00)

Əhməd Məsud

Pəncşirin 7-ci şiri – SƏBUHİ MƏMMƏDLİ YAZIR

...Kabildə otelə girib çıxanda üst-başınızı mütləq ciddi şəkildə yoxlayacaqlar. Hətta başınızdakı papağı belə gözdən keçirəcəklər. Əvvəllər papaqları yoxlamırmışlar. Əfqanıstanın keçmiş prezidenti Bürhanəddin Rəbbani qətlə yetiriləndən sonra papaq məsələsi də gündəmə gəlib.

Rəbbani düz evinin qarşısında, papağın içinə gizlədilmiş bombanın partlaması nəticəsində öldürülüb. Pakol adlanan bu baş geyimi əfqanların simvoludur. Elə başında pakol Kabildə hər addımda iri portretlərinə rast gəlinən Əhməd Şah Məsud da. Məsud tacik olsa da, əhalisinin 60 faizi puştun olan Əfqanıstanda qəhrəmanlıq rəmzidir. Əfqanlar pəncşirli (“beş şir”) Məsudu 6-cı şir adlandırırlar.

Hə, Pəncşirə nə sovet qoşunları girə bildi, nə Taliban, nə də NATO. Məsud öldürülməsəydi, NATO da Əfqanıstana girə bilməzdi. O, şir kimi gəldi, çarpışdı, şir kimi də öldürüldü.

İllər öncə biz Əfqanıstanda, Qarabağda olanda bir vaxtların səhra komandirlərindən olan və sovet qoşunlarına qarşı vuruşmuş  İsa Xan danışırdı:

Səbuhi Məmmədli və İsa Xan

“Gözümüzü qan örtmüşdü. Fikirləşirdik ki, kafirləri vətənimizdən qovacağıq. Qovduq da. Bayaq deyirsən ki, vuruşmağı harada öyrəndiniz? Əlbəttə, heç bir hərbi təhsilimiz yox idi bizim, Əhməd Şahın düşərgəsində, zaman özü yetişdirdi, komandir kimi yetişdirdi bizi. Heç düz-əməlli məktəb də oxumamışdıq. Amma bəlkə də çox az kimyagərin bacardığını edə bilirdik. Müxtəlif təyinatlı, özü də adi üsulla elə bombalar düzəldirdik ki… Minaatanlar düzəldirdik, ruslar dəhşətə gəlirdilər. Elə bilirdilər ki, haradasa istehsal olunub. Amma bilmirdilər ki, əldəqayırmadır. Yadımdadı, təyyarədən qorxurduq. Amma sonradan “Stinger”lərimiz oldu, təyyarələrin bizim üçün adi quşdan fərqi olmadı. Məsud öyrətdi bizə bütün bunları. Böyük şəxsiyyət idi o. Bax, fikir vermisinizsə, Kabilin küçələri doludur onun portretləri ilə.

Tacik idi Məsud. Amma nə fərqi, onu türk də sevirdi, tacik də, puştun da, lap elə şurəvinin özü də. Çünki qəhrəman idi. Burda nə qədər cəbhə komandirləri olub! Rəbbani, Hikmətyar Pakistana qaçdı Talibanın vaxtında. Dustum Türkiyəyə. Onların heç biri Məsudun yerini verə bilməz. Onların hamısı zaman-zaman Əfqanıstandan qaçdı getdi, sonra gəldi. Amma Əhməd Şah bircə gün də olsa Əfqanıstanı tərk etmədi”.

Əhməd Şah Məsud 1953-cü il sentyabrın 1-də Pəncşir vilayətinin Bəzərək şəhərində anadan olub. Doğulduğu zaman adı Əhməd Şah idi. O, 1974-cü ildə müqavimət hərəkatına qoşulduqda özünə “Məsud” (xoşbəxt) adını ləqəb kimi götürür.

Atası Dost Məhəmməd xan Əfqan Kral Ordusunda polkovnik idi. Doğulduğu Pəncşirdən ailəsi qısa bir müddət Herata, sonra da Məsud uşaqlığının çox hissəsini keçirdiyi Kabilə köçdü, məşhur Franko-Əfqan İstiqlal Liseyində təhsil aldı. Liseyi bitirdikdən sonra Kabil Universitetində mühəndislik fakültəsinə daxil oldu.

Kabil Universiteti o dövrdə siyasi müzakirə və aktivlik mərkəzi idi. 1975-ci ilin iyulunda Məsudun da daxil olduğu Müsəlman Gənclər Təşkilatı Pakistan kəşfiyyatının köməyi ilə Pəncşir hökumətə qarşı qiyam qaldırdı. Amma qiyam uğursuz oldu.

Sovet qoşunları Əfqanıstanı işğal etdikdən sonra Pəncşirdə müqavimət hərəkatının başında məhz gənc Əhməd dayanırdı. Təsəvvür edin, on il ərzində Sovet ordusu strateji əhəmiyyətli həmin ərazidə “Pəncşir şiri” (“Şiri-Pəncşir”) ləqəbi ilə məşhur olan Əhməd şah Məsudun qüvvələrinə qarşı 12 iri əməliyyat keçirmiş, qiyamçıları sıxışdırıb çıxarmışdı. Lakin hökumət qüvvələri həmin ərazidə möhkəmlənə bilməmiş, sovet qoşunları çəkiləndən sonra yenidən Əhməd şahın qüvvələri əraziyə nəzarəti bərpa etmişdilər. Bir sözlə, SSRİ Pəncşirdə möhkəmlənə bilməmişdi.

Sovet ordusu Əfqanıstanı tərk etdikdən sonra Məsud Nəcibulla hökumətinə qarşı silahlı mübarizəsini davam etdirir. 1992-ci ildə özbək general Abdul Rəşid Dostumla anlaşaraq Kabili ələ keçirir. Bundan sonra ölkədə Bürhanəddin Rəbbaninin başçılıq etdiyi yeni hakimiyyət qurulur. “Hezbi-İslami” partiyasının rəhbəri Gülbəddin Hikmətyar baş nazir, Məsud isə müdafiə naziri təyin edilir. Amma hakimiyyətdaxili mübarizə Qəndəhar vilayətində yaranmış Taliban hərəkatını gücləndirir. Talibana qarşı ən böyük müqaviməti təşkil edən Məsudun ordusu 1994-cü ildən 1996-cı ilədək Kabili müdafiə etməyə nail olur. 1996-cı ildə Taliban hərəkatı ölkədə hakimiyyəti ələ keçirəndə Şah Məsud Rəbbani və əfqan ordusunun sadiq hissələrini götürərək dağlara çəkilir, Şimal Alyansını qurur. Tacik, özbək və xəzərlərin dəstəyi ilə Talibanın şimala doğru irəliləməsinin qarşısını alır. 2000-ci ildə Əfqanıstan prezidentinin köməkçisi kimi Strasburqa dəvət edilən Şah Məsud burada Fransanın o vaxtkı xarici işlər naziri Yuber Vedrin, Fransa parlamentinin sədri Raymon Forni və Senatın sədri Kristian Ponsele, Avropa Parlamentinin prezident Nikol Fonten kimi şəxslər tərəfindən qəbul edilib. Avropa Birliyindən iqtisadi, siyasi və hərbi dəstək alan Məsuda Rusiya da hərbi yardımlar göstərməyə başlayır.

Əfqan komandir 9 sentyabr 2001-ci ildə Pəncşir vadisindəki Hoca Bahəddin kəndində ondan müsahibə götürmək istəyən Belçika pasportlu və Mərakeş əsilli iki nəfərin törətdiyi partlayış nəticəsində həlak olub.

Məsudun generallarından Əbdülvahhab Cüyəndə hadisəni belə təsvir edir: “Mərakeş əsilli iki jurnalist müsahibə üçün gəlmişdi. Biz gələndə əsgərlər dedilər ki, jurnalistlər 5 gündür gözləyirlər. Əslində Məsudun iş proqramı çox gərgin idi. Jurnalistlərə ayırmağa vaxtı yoxdu. Ona məlumat verildi. Dedi ki, “gəliblərsə görüşüm, boş getməsinlər”. Jurnalistlər içəri girdilər. Az keçməmiş partlayış baş verdi. Əvvəlcə bir şey başa düşmədim. Çünki onları yoxlamışdıq, təmiz çıxmışdılar. Partlayış zamanı jurnalistlərdən biri ölmüş, digəri yaralanmışdı. Yaralını da mühafizəçilər güllələdilər. Yaralı Məsudu vertolyotla Düşənbəyə aparsaq da, yolda vəfat etdi".

Hə, qatillər bombanı məhz kameranın içinə yerləşdirmişdilər...

*

Yuxarıda qeyd etdim: Əhməd Şahı Pənşirin 6-cı şiri deyə çağırırdılar. Bu gün əyilməz Pəncşir yenidən müqavimət yerinə dönüb. “Taliban” hərəkatı bir həftə ərzində ildırım sürəti ilə Əfqanıstanın 34 əyalətindən 33-nü və paytaxt Kabili ələ keçirdi. Təslim olmayan isə Pəncşirdi Bu dəfə onun müdafiəsində atası kimi cəsur biri - Əhməd Şahın oğlu Əhməd Məsud başçılıq edir: Mən, “Taliban”a tabe olmayacam”. İlk gündən bunu deyir 32 yaşlı Əhməd.

Əhməd Məsud

O, 1989-cu il iyulun 10-da Taharda anadan olub. 4 bacının bir qardaşıdı. Atası öldürüləndə onun 12 yaşı vardı.

Amerikalı jurnalist Sebastyan Junger o günlərdə müsahibə aldığı Əhməd Məsudu belə təsvir eləmişdi: “Cəmi 12 yaşı vardı, amma yaşından böyük biliyi və qavrama qabiliyyəti var idi. Özünün də bir gün Əfqanıstana liderlik eləmək vəzifəsini yerinə yetirmək üçün çağrıla biləcəyini çox yaxşı başa düşürdü. ABC kanalından iki nəfərlə birlikdə idim. Hamımızın nitqi tutulmuşdu.  Bu, sanki Budda, yaxud da gənc Dalay Lamadan müsahibə almaq kimi bir şey idi”.

Əhməd bir müddət Məşhəddə təhsil alıb. Daha sonra İngiltərədəki Sanherst Krallıq Hərbi Akademiyasında oxuyub 2012-ci ildə Londondakı ən qədim və nüfuzlu universitetlərdən olan Kinq Kollecdə təhsilini davam etdirib. Beynəlxalq siyasət üzrə magistr təhsili alıb. 2016-cı ildə Əfqanıstana qayıdaraq siyasətə qoşulub.

2016-cı ildən həm də Əfqanıstanda “Massoud Foundation” fonduna rəhbərlik edir.

“Mən atama söz vermişdim, bir gün Əfqanıstana qayıdıb vətənimin problemləriylə məşğul olacam. Mən bu problemləri həll edəcəm”.

Və bu gün onun qarşısında duran ən böyük problem Pəncşiri “Taliban”a təslim etməməkdi.

“Mən, qul olmaq istəməyən bütün əfqanları ölkəmin sonuncu qalası olan Pəncşirə qoşulmağa çağırıram. Hamıya, bütün tayfalara səslənirəm. Bizimlə birgə döyüşün”.

Və o döyüş bu gün səhərdən başladı. Bəs görəsən, kiçik Əhməd Pəncşirin 7-ci şiri ola biləcəkmi?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14748
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar