Hindistanda izdiham qadını oğlunun yaramazlığına görə cəzalandırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Karnataka ştatının Xosa Vanthmuri kəndinin sakini həmkəndlilərinin hücumuna məruz qalıb. Onu soyundurub çılpaq halda elektrik dirəyinə bağlayıblar. Buna səbəb oğlunun bazar ertəsi başqa kişi ilə nişanlanmalı olan qızla qaçması olub.
Hadisə bazar günündən bazar ertəsinə keçən gecə baş verib. Məlumata görə, cütlüyün münasibəti olub və qız başqa kişi ilə evlənmək istəmədiyi üçün sevgilisi ilə qaçıb. Baş verənlərdən xəbər tutan qızın ailə üzvləri gəncin evinə soxulub, orada soyğunçuluq törədərək, anasına hücum ediblər.
Hadisə ilə bağlı polis 7 nəfəri saxlayıb. Münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün kəndə üç hərbçi qrupu yeridilib. Hazırda polis faktla bağlı araşdırma aparır.