Rusiyanın paytaxtı Moskva şəhərində son 124 ilin ən isti günü qeydə alınıb.
Lent.az-ın məlumatına görə, havanın hərarəti 30 dərəcəyə çatıb. Hava problemləri ilə məşğul olan “Fobos”un mütəxəssisi Yevgeni Tişkovesin yerli KİV-ə açıqladığına görə, sonuncu dəfə mayın 17-i tarixində ən isti gün 1897-ci ilə təsadüf edib - +29,1°C.
Hazırda anormal istilər bütün Rusiya ərazisini əhatə edir. Rusiyanın cənubunda, habelə Həştərxan vilayətində hərarət +37 dərəcədir. Eyni hal Ural regionunda da qeydə alınıb.
Moskvada yaşayan həmyerlimiz, iş adamı Teymur Hüseynovun Lent.az-a bildirdiyinə görə, səhər tezdən Moskvanın bütün küçələri xüsusi maşınlarla sulanıb: “Şəhərin bütün park və meydanlarında hovuzlar və fontanlar açıqdır, işləyir. İnsanlara zərurət olmadıqda açıq havaya çıxmamaq tövsiyə edilib”.